EPL-dən “Mançester Siti”yə ağır zərbə - 114 maddə üzrə təqsirli bilindi

epl-den-mancester-sitiye-agir-zerbe
Oxunma sayı: 513

İngiltərə Premyer Liqasının (EPL) müstəqil komissiyası “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda ittiham olunduğu 115 maddənin 114-ü üzrə təqsirli bilib.

“Qafqazinfo” “The Athletic” nəşrinə istinadən xəbər verir ki, futbol dünyasını silkələyən bu qərar Premyer Liqa tərəfindən aparılan 4 illik araşdırmanın və 2024-cü ildə keçirilən dinləmələrin yekunudur.

Nəşr yazır ki, ittihamlar 2009/10–2017/18-ci illər mövsümlərini əhatə edir. Klub dürüst maliyyə hesabatı təqdim etməməkdə (54 maddə), futbolçu və məşqçilərin ödənişlərini gizlətməkdə (14 maddə), UEFA və EPL-in maliyyə “fair-play” qaydalarını pozmaqda (12 maddə) və istintaqla əməkdaşlıqdan imtina etməkdə (35 maddə) günahlandırılır.

Məlum olub ki, komandanı 2011/12 mövsümündə çempion edən keçmiş baş məşqçi Roberto Mançini klubdan illik 1,45 milyon funt-sterlinq maaş almaqla yanaşı, Şeyx Mənsura məxsus Əbu-Dabinin “Əl-Cəzirə” klubundan da konsultasiya müqaviləsi adı ilə illik 1,75 milyon funt mənimsəyib. İtalyan mütəxəssis sentyabrın 28-də verdiyi açıqlamada belə bir müqavilənin olduğunu faktiki olaraq təsdiqləsə də, “Mançester Siti”nin təqsirsiz olduğuna inandığını bildirib.

Qəzetin məlumatına görə, EPL qaydalarına əsasən, müstəqil komissiya “Mançester Siti”yə qarşı görünməmiş sanksiyalar tətbiq edə bilər:

1. Xalların silinməsi (ən real ehtimallardan biri);

2. Nəhəng məbləğdə pul cəriməsi;

3. Transfer qadağası;

4. Hətta klubun Premyer Liqadan xaric edilməsi.

Bundan əlavə, klubun 2011/12, 2013/14 və 2017/18 mövsümlərində qazandığı çempionluq titullarının ləğv edilməsi ehtimalı da müzakirə olunur.

Artıq “Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem” hüquqşünaslarla məsləhətləşmələrə başlayıblar. Bu klublar “Mançester Siti”nin qanunsuz üstünlüyü səbəbindən itirdikləri çempionluqlara, Çempionlar Liqası kvotalarına və yayım gəlirlərinə görə ümumilikdə 200 milyon funt-sterlinqdən (təxminən 454 milyon manat) çox təzminat davası açmağa hazırlaşırlar.

“Mançester Siti” rəhbərliyi isə ittihamları rədd edir. Klubun sədri Xaldun əl-Mübarək günahsız olduqlarını sübut etmək üçün apellyasiya hüququndan istifadə edəcəklərini bildirib. Məhkəmə çəkişmələrinin tam yekunlaşması hələ uzun müddət ala bilər.