“Epşteyn faylları”na görə həbs oluna bilər

epsteyn-fayllarina-gore-hebs-oluna-biler
Oxunma sayı: 498

Böyük Britaniya polisi prokurorlarla birgə Kral III Çarlzın qardaşı, hazırda yalnız Endryu Mauntbatten-Vindzor kimi tanınan keçmiş şahzadəyə qarşı yeni və ağır iddiaları araşdırır.

“Qafqazinfo” “The Independent” qəzetinə istinadən xəbər verir ki, iddialar Endryunun maliyyəçi Ceffri Epşteynə Böyük Britaniya hökumətinə məxsus məxfi sənədləri sızdırması ilə bağlıdır.

Britaniya mətbuatının yaydığı məlumata görə, söhbət “vəzifə səlahiyyətlərindən sui-istifadə” cinayətindən gedir. Polis və Krallığın Prokurorluq Xidməti (CPS) hazırda ABŞ Ədliyyə Departamentinin yanvarın 30-da yayımladığı “Epşteyn faylları”ndakı yeni dəlilləri qiymətləndirir. Bu sənədlər arasında Endryunun 2010-cu ildə Britaniyanın ticarət elçisi olduğu dövrdə konfidensial hesabatları Epşteynə göndərdiyini sübut edən elektron məktubların olduğu iddia edilir.

Nəşr yazır ki, sənədlər toplusunda keçmiş şahzadənin nüfuzuna ciddi zərbə vuran digər məqamlar da yer alıb. Epşteynin Nyu-Yorkdakı malikanəsində çəkildiyi ehtimal edilən fotolarda Endryuya bənzəyən kişinin qeyri-etik vəziyyətdə təsvir olunduğu bildirilir. ABŞ-də fəaliyyət göstərən hüquqşünaslar isə Epşteyn tərəfindən məhz Endryu ilə görüşmək üçün Britaniyaya göndərildiyini iddia edən ikinci bir qadının ifadələrini polisə təqdim ediblər.

Xatırladaq ki, III Çarlz hələ 2025-ci ilin oktyabrında qardaşını bütün hərbi rütbələrdən və kral titullarından məhrum edərək onu kral iqamətgahından qovmuşdu. Bukinqem Sarayı bəyan edib ki, əgər rəsmi təhqiqat başlanarsa, kral ailəsi polisə hər cür dəstəyi verməyə hazırdır. Endryu Mauntbatten-Vindzor isə öz növbəsində bütün ittihamları qəti şəkildə rədd etməkdə davam edir.