5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində təhsil işçilərinin peşə bayramına həsr olunan silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, sentyabrın 28-dən etibarən şəhər və rayonlarla yanaşı, ucqar yaşayış məntəqələrini də əhatə edən tədbirlərdə Milli Məclisin deputatları Müşfiq Məmmədli, Şahin Seyidzadə və Məşhur Məmmədov, ETİHİ Respublika Komitəsinin məsul əməkdaşları, yerli həmkarlar ittifaqı komitələrinin nümayəndələri, regional təhsil idarələrinin rəhbərləri, təhsil sektorlarının müdirləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərlə də görüşlər təşkil olunub.
Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev və həmin ərazilərdə fəaliyyət göstərən rayon komitələrinin sədrləri iştirak edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ETİHİ Respublika Komitəsi rəhbərliyinin təbrik və xoş arzularını təhsil işçilərinə çatdırıblar. Böyük Qayıdışla doğma yurdlarımızda həyatın yenidən canlanması, yeni məktəblərin fəaliyyətə başlaması, azad torpaqlarda təhsilin inkişafı xüsusi vurğulanıb.
Müəllimlərin tədris prosesinin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və yeni təhsil mühitinin formalaşdırılması istiqamətində əməyi yüksək qiymətləndirilib.
Tədbirlərdə çıxış edən qonaqlar Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onların ölkənin gələcək inkişafında, savadlı və vətənpərvər nəslin yetişdirilməsində mühüm rolunu vurğulayıb, pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıblar.
Görüşlər zamanı müəllimlərin gündəlik fəaliyyəti, onları maraqlandıran məsələlər və təhsil işçilərinin sosial rifahının daha da yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda ETİHİ Respublika Komitəsinin ittifaq üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahət və müalicəsinin təşkili istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.
Respublikanın müxtəlif rayon və şəhərlərini əhatə edən silsilə tədbirlər müəllim əməyinə göstərilən yüksək ehtiramın, təhsil işçilərinə diqqət və qayğının ifadəsi kimi yadda qalıb.









Son xəbərlər
Son Xəbərlər