​“Evimiz uçur, hələ də qərara gələ bilmirlər...” - Video

evimiz-ucur-hele-de-qerara-gele-bilmirler
Oxunma sayı: 729

“Yanvarın 12-si evimizin altında yerləşən su borusu partlayıb, amma qurumların heç biri məsələyə baxmır”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Səbuhi Məmmədov müraciət edib.

Şikayətçi bildirib ki, 4 gün əvvəl Xətai rayonu, Rəşid Bağırov 30 ünvanında yerləşən evlərinin altındakı su və kanalizasiya borusu partlayıb: “Evimin altı yuyulub. Dostumun evində qalıram. Evə girib-çıxa bilmirik, yaşamaq da mümkün deyil. Bütün əşyalarımızı çıxarmışıq, ev hazırda boşdur”.

S.Məmmədov iddia edir ki, evlərinin çıxarışı olmadığı üçün heç bir dövlət qurumu məsələyə münasibət bildirmək istəmir: “Bizdə “JEK”in sənədidir, ev kitabçasıdır, çıxarış olmadığı üçün qurumlar məsələyə baxmır. Fövqəladə Hallar Nazirliyinə (FHN), “Azərsu”ya və Xətai Rayon İcra Hakimiyyətinə müraciət elədik, gəlib baxdılar. Hadisə ilə bağlı məlumatları var. Amma heç kim nəsə bir iş görmür, kompensasiya olmur. Neçə gün keçib, evimiz uçur, amma hələ də qərara gələ bilmirlər”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq qeyd edildi ki, ünvanda yerləşən tikili fərdi yaşayış evi olduğuna görə FHN-in səlahiyyətində olmayan məsələdir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə saytımıza bildirildi ki, Xətai rayonu NZS qəsəbəsi Rəşid Bağırov küçəsində şəhərin əsas daşıyıcı kollektorlarından olan 1200 mm-lik kollektorda qəza baş verib: “Qəza fərdi yaşayış evinin altındadır. Qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Qəza yanvarın 12-də axşam saatlarında baş verib, dərhal əməkdaşlar hadisə yerinə gediblər. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub. Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavininə, FHN-in Tikintiyə Nəzarət İdarəsinin rəhbərliyinə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq”.

Hadisə ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq. 

Xatırladaq ki, bənzər hadisə ötən ilin noyabrında Yasamal rayonu 2-ci Alatava ərazisində fərdi yaşayış evinin həyətində baş vermişdi. Borunun partlaması nəticəsində həyətini su basan vətəndaşa rəsmi cavab olaraq bildirilmişdi ki, sanitar qovşaq diametri 500 mm olan magistral içməli su xəttinin üzərində tikildiyindən qəzanın aradan qaldırılması üçün həmin tikili sökülməlidir.

Mədinə Useynova