Evrika Təhsil Ekosistemində zəfər sevinci! - Fotolar

evrika-tehsil-ekosisteminde-zefer-sevinci
Oxunma sayı: 379

Təhsil yalnız bilik və bacarıqların formalaşdırılması deyil, həm də milli kimliyin, mənəvi dəyərlərin və Vətən sevgisinin gələcək nəsillərə ötürülməsidir. Evrika Təhsil Ekosistemində vətənpərvərlik və milli ruh bu dəyərlər sisteminin ayrılmaz hissəsini təşkil edir.

8 Noyabr - Zəfər Günü münasibətilə Evrika Beynəlxalq Elm və Texnologiya Liseyində, liseyin Gənclik filialında və Montessori Uşaq Akademiyasında “Zəfər andı”, “Bir ölər, min dirilərik zəfər yolunda”, “Zəfərin körpələri” və “Birlikdən doğan zəfər” adlı tədbirlər silsiləsi keçirildi.

Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli birliyini və Vətən sevgisini əks etdirən tədbirlər şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və zəfər qürurunun paylaşılması ilə yadda qaldı.

Tədbirlərin fəxri qonaqları sırasında Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, təhsil mütəxəssisləri Mazahir Məmmədli və Elmin Nuri, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli, kapitan Elmir Şıxəliyev, Xüsusi Təyinatlı Qüvvələrin qazisi Polad Rzayev və digər dəyərli qonaqlar yer aldılar.

Tədbirlərdə şəhid anaları Telli, Durdane və Ceyhunə xanımın iştirakı xüsusi mənəvi əhəmiyyət daşıdı. Qazilərimiz Həsrət Quluyev, Həbib Namazov, Rəvan Səfərov, Ülvi Hüseynov və Kənan Quluyevin qəhrəmanlıq hekayələri şagirdlər üçün canlı tarixə çevrildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülzar Fərəcovanın ifası isə tədbirlərə xüsusi emosional və mənəvi rəng qatdı.

Bu görüşlər şagirdlər üçün qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi haqqında unudulmaz bir dərs oldu.

Azərbaycanın zəfəri dövlətimizin uğurlu siyasətinin, xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, əzminin və Vətən sevgisinin təntənəsidir. Evrika Təhsil Ekosistemində keçirilən tədbirlər bu tarixi qürurun gələcək nəsillərə ötürülməsinə, milli kimliyin və vətənpərvərlik ruhunun yaşadılmasına xidmət edir.

8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Zəfər Günümüz mübarək olsun!