Fahişələrə bayram təbriki

fahiselere-bayram-tebriki
Oxunma sayı: 764


Heç kim anadan fahişə doğulmur. Onları hansısa vicdansız bir kişi bu yola sürükləyir. Fahişələri lənətləyən cəmiyyət heç vaxt həmin vicdansız kişinin cəmdəyinə tüpürmür.

Ötən gün qəzetdə bir təbrik oxudum. Elvin adlı gənc dostunun anasını 50 illik yubileyi münasibətilə təbrik etmişdi. Elvin yazırdı: “Siz təkcə Ayxanın deyil, həm də onun dostlarının anasısınız. Əziz ana, doğum günün mübarək!”

Fahişələrin necə bədbəxt olduqlarını bu təbriki oxuyandan sonra daha yaxşı dərk etdim. Başa düşdüm ki, doğum günlərində oğlanlarının dostları heç vaxt onları təbrik etməyəcəklər. Çünki bu adamların oğlanları yoxdur. Nə vaxtsa dünyaya gətirdikləri övladları onları tərk ediblər. Onlar üçün anaları çoxdan ölüb. Ölünü isə təbrik etməzlər...

Fahişəlik qədim peşə sayılır. Ötən yay İzmirdə olanda türkiyəli bələdçimiz bizə təxminən 2000 il yaşı olan qədim kitabxana göstərdi. Sonra dedi ki, 100 metr irəlidə isə fahişəxana olub. Kitabxananı bu günə kmi qoruyan insanlar fahişəxananı yerlə yeksan ediblər.

Fahişələr bədbəxt insan olduqları üçün tarixdə onlardan heç bir nişanə qalmır. Kişilərin xislətidir bu: öz çirkin əməllərini ört-basdır etmək üçün fahişələrin adı ilə bağlı olan hər şeyi yer üzündən silirlər. Kaş, vicdanlardakı ləkəni təmizləmək də belə asan olaydı...

Bir sual həmişə məni narahat edir: məgər yer üzündə lənətlənməyə layiq olan peşə sahibi ancaq fahişələrdir? Dərman biznesi ilə məşğul olan bir dostum ötən gün dedi: “Tanış bir həkim var. Heç vaxt pasiyenti geri qaytarmır. Sabah Vandam onun yanına getsə, ən azı 100 manatlıq resept yazacaq”. Beş manat pula görə sağlam adama dava-dərman yazıb, onu potensial xəstəyə çevirən həkim hansısa zavallı fahişədən azmı günaha batır? Yoxsa, eyni mənzili beş kişiyə satıb, hamısının uşaqlarını çöldə qoyan fırıldaqçı şirkət rəhbərləri fahişələrdən daha təmiz adamlardır? Heç cür ağlım almır: necə olur ki, günahsız insanları türməyə göndərib, onların körpə balalarını gözüyaşlı qoyan hakimi məclislərdə başda oturdan adamlar hansısa fahişəni görəndə üzlərini yana çevirirlər? Bu, ikiüzlülük deyilmi?! Həmkarlarım incisə də, inciməsə də yazacağam: hətta ən qoca fahişə də qələmini satan jurnalistdən yüz dəfə şərəflidir. Çünki fahişə öz vücudunu, həmin jurnalist isə peşə şərəfini satır.

Qarşıdan Novruz bayramı gəlir. Hamı bir-birini təbrik etsə də, fahişələri təbrik etmək heç kimin yadına düşmür. Ona görə ki, fahişələrin əri olmur. Ata-anaları, qardaş-bacıları, doğma övladları isə onlardan çoxdan imtina edib. Bu adamları təbrik etmək heç müştərilərinin də ağlına gəlmir. Müştəriləri onlara qadın deyil, ehtiraslarını söndürdükləri obyekt kimi baxırlar.

Nə qədər acı olsa da, bu, belədir: kişilər olmasaydı, fahişələr də olmazdı. Lütfən, sizi bu iyrənc yola sürükləyən əcdadlarımızın günahından keçin...

...Bayramınz mübarək!