Kənd təsərrüfatı sahəsində məhsul şəhadətnaməsi tətbiq ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Məhsul şəhadətnaməsi haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, məhsul şəhadətnaməsi – məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürəcək.
Mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər.
Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyacaqlar.
Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə təminata Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq tutma yönəldilə bilər.
Əgər məhsul şəhadətnaməsinin təminatının satışından götürülən məbləğ məhsul şəhadətnaməsinin mülkiyyətçisinin tələbini ödəmək üçün yetərli deyildirsə və tərəflərin razılaşmasına əsasən başqa qayda nəzərdə tutulmamışdırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi çatışmayan məbləği Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq borclunun başqa əşyasından almaq hüququna malik olacaq.
Qeyd edək ki, bu sənədlə fermer gələcəkdə istehsal edəcəyi müəyyən miqdarda məhsulu alıcıya vermək öhdəliyi götürə və bunun müqabilində əvvəlcədən pul əldə edə biləcək. Həmçinin, fermer məhsul əvəzinə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürə biləcək. Məhsulun satışından əldə olunan vəsait tələb olunan məbləği tam ödəməzsə, müəyyən hallarda çatışmayan məbləğ borclunun digər əmlakından da tələb oluna bilər.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər