FHN Gəncədə təlim keçirdi - Video

fhn-gencede-telim-kecirdi
Oxunma sayı: 306

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Gəncə şəhəri, Sadıx Rəhimov küçəsində yerləşən Gəncə Avtomobil Zavodunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri “hadisə yerinə” operativ qaydada çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.