FHN “MyLift” rəqəmsal platformasını təqdim etdi - Fotolar

fhn-mylift-reqemsal-platformasini-teqdim-etdi
Oxunma sayı: 351

Yanvarın 29-da Bakı Konqres Mərkəzində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) və Fövqəladə Hallar Nazirliyinin birgə tərəfdaşlığı ilə hazırlanmış “MyLift” rəqəmsal platformasının rəsmi təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, tədbiri açılış nitqi ilə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə açıblar.

Agentliyin rəis müavini İsmayıl Nəsirov çıxışında lift təhlükəsizliyinin vacibliyindən danışıb, bu qurğuların hər bir istifadəçisinin həyatını etibar etdiyi mexanizm olduğunu vurğulayaraq, FHN-in fəaliyyətində insan təhlükəsizliyinin təmin edilməsinin prioritet sayıldığını diqqətə çatdırıb. Həmçinin, qeyd olunub ki, “MyLift” platforması sadəcə bir proqram təminatı yox, həm də lift təsərrüfatında idarəetmə fəlsəfəsinin köklü transformasiyasını özündə ehtiva edir.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə layihənin sahibkarlıq mühitinə təsirindən danışıb. O, sözügedən platformanın lift təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün şəffaf və ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcəyini qeyd edib. Bundan əlavə, Z.Qardaşov rəqəmsallaşmanın həm dövlət nəzarətini asanlaşdırmasından, həm də sahibkarların fəaliyyətini daha proqnozlaşdırıla bilən etməsindən danışıb.

AISA-nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə platformanın texniki imkanlarından söz açaraq, reaktiv modeldən proaktiv modelə keçid edildiyini, platformanın liftlərin texniki vəziyyətinin real vaxt rejimində monitorinqini təmin etməklə yanaşı, risklərin erkən mərhələdə, problemin kəskinləşməmiş aşkarlanmasına imkan yaratdığını vurğulayıb.

Açılış nitqlərindən sonra platforma interaktiv formatda təqdim olunub. Bildirilib ki, “MyLift” platforması ölkədə lift təhlükəsizliyi sahəsində mövcud nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması və mərkəzləşdirilmiş idarəetmə modelinə keçidi təmin etmək məqsədilə yaradılıb. Sistem liftlərin texniki vəziyyətinin real vaxt rejimində monitorinqini, potensial risklərin erkən mərhələdə aşkarlanmasını, nəzarət proseslərinin sistemləşdirilməsini və qərarvermə mexanizmlərinin optimallaşdırılmasını təmin edir.

Platforma lift təsərrüfatı ilə məşğul olan qurumlar, idarəetmə şirkətləri və nəzarət orqanları üçün vahid məlumat bazasına əsaslanan şəffaf işləmə mexanizmi yaradır. Bu yanaşma texniki nəzarətin şəffaflığının artırılmasına və vətəndaşların təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edir.

Sahə mütəxəssislərinin iştirakı ilə baş tutmuş tədbirdə daha sonra lift təhlükəsizliyi ilə bağlı institusional müzakirələr aparılıb.