FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar

fhn-ve-baki-seher-halqasi-emeliyyat-sirketi-marsallar-ucun-telim-kecirdi
Oxunma sayı: 255

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Baş Əməliyyat İdarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən təlimin məqsədi yarış zamanı baş verə biləcək yanğınların qarşısının alınması, onların fəsadlarının aradan qaldırılması və xilasetmə işlərinin operativ şəkildə həyata keçirilməsi istiqamətində marşalların bilik, bacarıq və praktiki təcrübələrinin artırılmasıdır.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 186 nəfər marşal iştirak edib. Onlardan 60 nəfərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təşkil edib. Təlim çərçivəsində iştirakçılar operativ reaksiyavermə və fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Təlimin nəzəri hissəsində rəhbər marşallar komanda üzvlərinə yanğın təhlükəsizliyi, bu cür hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bilik və bacarıqlarının təkmiləşdilməsi məqsədilə təqdimatlar ediblər.

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri tərəfindən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İyul ayından başlayan təlimlərin bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-cı il 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30-dan çox xüsusi texnikasının və 400-ə yaxın şəxsi heyətinin tədbirin təhlükəsizliyinin təmin olunmasına cəlb edilməsi planlaşdırılır.