“Fransa, Rusiya və ABŞ Qarabağa dair yeni razılaşma üzərində işləyir”

fransa-rusiya-ve-abs-qarabaga-dair-yeni-razilasma-uzerinde-isleyir
Oxunma sayı: 1959

“Fransa Rusiya və ABŞ ilə birlikdə Qarabağa dair uzunmüddətli razılaşma üzərində işləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fransanın Ermənistandakı yeni səfiri Ann Luyo “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində deyib. 

Yeni səfir sözügedən məsələnin təfərrüatı barədə məlumat verməyib. Lakin bununla yanaşı, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirakını vurğulamağın lazım gəldiyini qeyd edib.

“Bilirsiniz ki, mən Ermənistanda ATƏT-in Minsk qrupunun işində iştirak etmirəm. Minsk qrupunda Fransanı təmsil edən həmkarım Stefan Viskonti var. Lakin artıq deyə bilərəm ki, Nyu-Yorkda ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə irəliləyiş qeydə alınıb. Biz böyük məmnuniyyətlə iki xarici işlər naziri (Ermənistan və Azərbaycan – red.) arasında görüş təşkil etdik. Bu, kiçik addım kimi görünə bilər, lakin böyük addım idi. Ümid edirik ki, bu cür başqa həllər də olacaq. Və deyə bilərəm ki, rusiyalı və amerikalı həmkarlarımız ilə Qarabağa dair daha uzunmüddətli razılaşmanın əldə edilməsinə istiqamətlənmiş prosesin irəli aparılması üzərində işləyirik”, - deyə fransalı səfir qeyd edib.

Bununla yanaşı, jurnalistin “ATƏT-in Minsk qrupunun aktivləşməsini gözləmək lazımdırmı?” sualına Luyo belə cavab verib: “Az əvvəl qeyd etdiyim kimi, ATƏT-in Minsk qrupu Nyu-Yorkda artıq aktivləşib. Biz tək deyilik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da, həmçinin irəli hərəkət etməlidirlər”.