Dünən Fransada ümummilli tətil və kütləvi nümayişlər keçirilib.
“Qafqazinfo” RFI nəşrinə istinadən xəbər verir ki, etiraz aksiyaları ölkənin 170-dən çox şəhərini əhatə edib.
Dövlət sektorunun həmkarlar ittifaqları və lisey şagirdləri tərəfindən təşkil edilən aksiyalarda müəllimlər, tibb işçiləri, yanğınsöndürənlər və digər dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.
Həmkarlar ittifaqlarının əsas tələbi maaşlarının artırılması və 2027-ci ildə dövlət qulluqçularının əməkhaqqı indeksasiyasının yenidən dondurulmasından imtina olub. Şagirdlər isə müəllimlərin və digər əməkdaşların sayının artırılmasını, siniflərin həddən artıq dolu olması probleminin həll edilməsini, məktəb binalarının vəziyyətinin yaxşılaşdırılmasını və tədris yükünün azaldılmasını tələb edirlər.
Bir sıra şəhərlərdə aksiyalar zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. Fransa Daxili İşlər Nazirliyi qarşıdurma zamanı 400-dən çox nümayişçinin saxlanıldığını açıqlayıb. Bununla yanaşı, 10-a yaxın müəllim, eləcə də təhlükəsizlik qüvvələrinin 48 əməkdaşı xəsarət alıb.
Ölkənin Təhsil Nazirliyi isə 400-ə yaxın məktəbə zərər dəydiyini bildirib.
Ümumilikdə aksiyalarda 300 min nəfərdən çox etirazçı iştirak edib.
Son xəbərlər
Son Xəbərlər