Fuad Novruzov London Kral Həkimlər Kollecinin fəxri adına layiq görüldü

fuad-novruzov-london-kral-hekimler-kollecinin-fexri-adina-layiq-goruldu
Oxunma sayı: 567

Azərbaycanın nüvə təbabəti üzrə mütəxəssisi, Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Hədəfli Radionuklid Terapiyası şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov Böyük Britaniyanın nüfuzlu tibb qurumlarından biri olan London Kral Həkimlər Kollecinin (Royal College of Physicians – RCP) FRCP (Fellow of the Royal College of Physicians) fəxri adına layiq görülüb.  

“Qafqazinfo” xəbər verir ki, 1518-ci ildə əsası qoyulan London Kral Həkimlər Kolleci klinik təbabətin inkişafı, tibbi təhsilin təkmilləşdirilməsi və yüksək peşəkar standartların təşviqi istiqamətində fəaliyyət göstərən nüfuzlu tibb qurumudur.

Kollecin FRCP titulu həkimlərin peşəkar fəaliyyətinin, elmi nailiyyətlərinin və tibb sahəsinə verdikləri töhfələrin tanınması baxımından əhəmiyyət daşıyır.

Fuad Novruzovun bu ada layiq görülməsi onun nüvə təbabəti, molekulyar görüntüləmə və hədəfli radionuklid terapiyası sahələrində uzunillik fəaliyyəti və elmi töhfələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini ifadə edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi, elmi tədqiqatların aparılması, eləcə də müasir tibbi texnologiyaların tətbiqi sahəsində fəaliyyət göstərir. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Mərkəzdə nüvə təbabəti istiqamətinin inkişafı və müasir diaqnostika və müalicə üsullarının tətbiqi üzrə işlər həyata keçirilir.

Azərbaycanlı həkimin beynəlxalq səviyyədə bu fəxri ada layiq görülməsi ölkəmizin tibb mütəxəssislərinin beynəlxalq elmi və peşəkar mühitdə təmsilçiliyi baxımından əhəmiyyətli hadisədir.