Füzulidə kənd təsərrüfatının inkişafına dair monitorinq - Fotolar

fuzulide-kend-teserrufatinin-inkisafina-dair-monitorinq
Oxunma sayı: 323

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Füzuli rayonunda kənd təsərrüfatının inkişafı, istehsal imkanlarının genişləndirilməsi və təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərlə bağlı monitorinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, monitorinqdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev və Dövlət Proqramından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə yaradılmış Rayon Qərargahının üzvləri iştirak ediblər.

Sentyabrın 16-da keçirilən monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 9 fermer təsərrüfatı və sahibkarlıq subyektinə baxış keçirilib. Ərazilərdə görülən işlərin gedişatı, mövcud istehsal imkanları və fəaliyyətin təşkili ilə bağlı məsələlər nəzərdən keçirilib, təsərrüfat subyektlərinin qarşılaşdıqları çətinliklər və onların həlli imkanları barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında fermerlər, sahibkarlar və müvafiq Qərargahın üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, Dövlət Proqramından irəli gələn vəzifələr, təsərrüfat subyektlərinin fəaliyyətinin genişləndirilməsi, istehsal imkanlarından səmərəli istifadə və qarşıda duran məsələlər ətrafında müzakirələr aparılıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev çıxış edərək kənd təsərrüfatının inkişafı, mövcud potensialdan səmərəli istifadə, təsərrüfat subyektlərinin fəaliyyətinin genişləndirilməsi və qarşıya çıxan məsələlərin həlli istiqamətində görüləcək işlər barədə fikirlərini bildiriblər.

Görüş zamanı fermer və sahibkarların müraciətləri, təklifləri və qarşılaşdıqları problemlər dinlənilib. Səsləndirilən məsələlərin aidiyyəti üzrə araşdırılması, mümkün problemlərin yerli səviyyədə həllinə şərait yaradılması, əlavə araşdırma və ya digər dövlət qurumlarının səlahiyyətinə aid olan məsələlərin isə müvafiq qaydada aidiyyəti üzrə təqdim olunması ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Təsərrüfat subyektlərinin fəaliyyətində infrastruktur, suvarma və digər istehsal məsələləri ilə bağlı yaranan çətinliklərin diqqətdə saxlanılmasının, görülən işlərin nəticələrinin mütəmadi izlənilməsinin və müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub.

Sonda fermer və sahibkarlar dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirib, səsləndirdikləri məsələlərin diqqətdə saxlanılmasına görə minnətdarlıqlarını bildiriblər.