Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi gedişində düşmən işğalından azad olunan ikinci böyük yaşayış məntəqəsi Füzuli şəhəridir.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə yazılıb.
Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə artıq dördüncü ildir həmin gün Füzulidə Şəhər Günü silsilə tədbirlərlə qeyd edilir.
Oktyabrın 17-də Füzuli şəhərdəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin həyətində təsviri sənət üzrə ustad dərsləri təşkil olunub.
Füzuli şəhər məktəbliləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimləri Ziyafət Aslanlı və Rahim İbrahimovun verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.
Uşaqlar, əsasən, Füzuli rayonu və Qarabağın təbii gözəlliklərini, tarixi irsini təsvir ediblər.
Ustad dərslərinin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və rayon ictimaiyyətinin nümayəndələri balaca rəssamların əl işləri ilə tanış olublar. Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.
Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib.












Son xəbərlər
Son Xəbərlər