Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl gənc həkim Nurlana Əliyeva (Nəbibəyli) qəfil vəfat edib. Məlumata görə, o, yaşadığı evdə həyatını itirib. İlkin məlumatlarda Nurlana Əliyevanın Mərkəzi Dəmiryol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi qeyd olunur.
“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, bəzi mənbələr ölümün intihar nəticəsində baş verdiyini iddia etsə də, bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.
Eyni zamanda, sosial şəbəkələrdə və bəzi məlumatlarda Nurlana Əliyevanın həkim olmadığı, hətta tibb diplomunun mövcud olmadığı ilə bağlı da iddialar yayılıb. Üstəlik, onun son vaxtlar psixoloji sarsıntı keçirdiyi, hətta ciddi problemləri olduğuna dair xəbərlər də yayılır. Digər bir məsələ isə onun müəmmalı ölümü ilə bağlı fikirlərin yayılmasıdır.
Belə ki, N. Əliyevanın yaxın rəfiqəsi Mehriban Hüseynova mərhumla bağlı bəzi təfərrüatları açıqlayıb. O deyib ki, mərhumun bronxial astması olub və dekabrın 29-u gecə saatlarında halı qəfil pisləşib:
“Bildiyim qədər arıqlama üçün dərmanlar qəbul edirdi. Həmin vaxt da acqarına dərman qəbul etmişdi. Halı pisləşəndə evdə tək olub. Yoldaşı Bakıdan kənarda çalışır. Qızını çağırıb və onu yaxınlıqdakı “Medilux” Tibb Mərkəzinə aparıblar. Amma xəstəxana Nurlananı qəbul etməyib və onu Kliniki Tibbi Mərkəzə yönləndirib.
Xəstəxanaya yerləşdiriləndən sonra Nurlana atasına zəng edərək “Mənə baxmırlar, gəlin təcili məni buradan çıxarın”, - deyib. Boğulurmuş. Atası gəlib ki, qızımı görmək istəyirəm, məni yanına buraxın. Buraxmayıblar ki, olmaz, xəstəyə sistem köçürülür. 30-u səhər keçinib”.
M.Hüseynova deyib ki, Nurlana Əliyeva öz əmisi oğlu ilə evli olub: “42 yaşı vardı, çox həyatsevər, pozitiv bir xanım idi. Bir qızı və bir oğlu var. Mən və onu tanıyan hər kəs ölümünə inana bilmirik. Eşidəndə şok keçirdik. Sonuncu dəfə dekabrın 27-də telefonda danışdıq. Mən Türkiyədə yaşayıram. Dedi ki, görüşmək istəyir, çox darıxır. Dedim Yeni ili yola verək, yanvarda ad günümdür, gələcəm, şənlənərik. Sevindi. Heç bir xəstəliyi yox idi, hamımızdan sağlam idi. Biz də, ailə üzvləri də təəccüb içindəyik”.
İctimai xadim Hacı Quliyev mərhumu birgə iştirak etdikləri tədbirlərdən tanıdığını dilə gətirib: “Mən Nurlana xanımı sadəcə tədbirlərdən tanıyırdım. Ara-sıra tədbirlərdə görüşürdük. Dekabrın 30-u rəhmətə getdiyini eşitdim. Amma hansı səbəbdən öldüyü barədə məlumatım yoxdu. Eşidəndə çox üzüldük. Allah rəhmət eləsin!”
Sayt Nurlana Əliyevanın ölüm səbəbini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, onlara belə bir xəstə müraciət etməyib. Halbuki ailəsi də təsdiq edib ki, Nurlana Əliyeva Kliniki Tibbi Mərkəzə aparılıb, hətta orada 4 gün müalicə alandan sonra həyatını itirib. Amma xəstəxana bu məlumatı da təsdiqləməyib.
Mərhumun qızı anasının bronxial astma xəstəsi olduğunu təkzib edib və Nurlana Əliyevanın ölümü ilə bağlı ümumiyyətlə danışmaq istəmədiyini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər