Gəncədə yolun ortasındakı abidə əyildi - Video+Yenilənib

gencede-yolun-ortasindaki-abide-eyildi
Oxunma sayı: 1712

Gəncə şəhərində yolun hərəkət hissəsində yerləşən konstruksiya sürücülər və piyadalar üçün risk törədə bilər.

“Qafqazinfo” “Yurd.media”ya istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsinin 28 May küçəsində dairəvi hərəkətin təşkil olunduğu ərazidə yerləşən konstruksiya əyilib və hər an aşma təhlükəsi var.

Ərazidən çəkilən görüntülərdən aydın olur ki, konstruksiya əvvəlki vəziyyətindən əyilib, üzərindəki Gəncə şəhərinə aid elementlər isə sınıb. Son aylarda bölgədə müşahidə olunan küləkli hava şəraiti konstruksiyanın aşma ehtimalını sürətləndirir ki, bu da ağır yol-nəqliyyat hadisəsinə və ya faciəyə zəmin yaradır.

Problemlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirildi ki, yaxın günlərdə bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur: “Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində, dairəvi hərəkətin təşkil olunduğu ərazidə yerləşən konstruksiyaya aidiyyəti qurumun nümayəndələri tərəfindən baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, konstruksiyanın əyilməsi avtomobil qəzası nəticəsində baş verib. Hazırda konstruksiyanın bərpası ilə bağlı müvafiq tədbirlər görülür və yaxın günlərdə bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur”.

***

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Gəncə şəhəri, 28 May küçəsində yerləşən dekorativ konstruksiyaya  aidiyyəti qurumların iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib: “Baxış zamanı qutu profildən hazırlanmış yüngül konstruksiyalı dekorativ qurğunun deformasiyaya uğradığı müəyyən olunub.

Bununla bağlı aidiyyəti qurumlar tərəfindən ən qısa müddətdə konstruksiya demontaj olunaraq müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunub”.

Fatimə Şahverdiyeva