General Orucov hökmdən narazıdır

general-orucov-hokmden-narazidir
Oxunma sayı: 7013

“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov barəsindəki hökmdən narazı qalıb.

“Qafqazinfo”nun məlumatına görə, generalın vəkili Elvin Rzayev bəraət tələbi ilə apellyasiya şikayəti verib. Şikayətdə Orucovun ittihamları qəbul etmədiyi qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.

Bundan başqa, eyni tələblə generalla birgə azadlıqdan məhrum edilən Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədov da apellyasiya şikayəti veriblər.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra həbs ediliblər. General və onunla birgə mühakimə edilənlər Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirdi.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.