“Google” alətləri artıq “Rəqəmsal məktəb”də - Tədrisdə yeni imkanlar

google-aletleri-artiq-reqemsal-mektebde
Oxunma sayı: 267

Təhsil sistemində süni intellekt həllərinin tətbiqi davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə “Google” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb. 

Artıq “Rəqəmsal məktəb”də qeydiyyatdan keçmiş müəllimlər “Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək edir.

Süni intellekt alətləri: "Gemini" və "NotebookLM"

İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan "Gemini" və "NotebookLM" müəllimlər üçün praktik və gündəlik istifadə yönümlü imkanlar təqdim edir:

•  "Gemini" dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim edilməsinə kömək edir.

•  "NotebookLM" müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir.

• Bununla yanaşı, müəllimlər üçün "Google Classroom", "Docs", "Slides", "Sheets", "Forms", "Drive", "Meet", "Chat", "Calendar" "Keep" kimi digər "Google" alətləri təqdim olunur və bu alətlər dərs idarəetməsi, məzmunun hazırlanması, ünsiyyət və əməkdaşlıq proseslərini vahid rəqəmsal mühitdə daha səmərəli təşkil etməyə imkan verir. 

Təqdim olunan alətlər dərs planlaşdırmanın daha çevik təşkilinə imkan yaradır, tədris materiallarının hazırlanması və paylaşılması prosesini sadələşdirir. Eyni zamanda qiymətləndirmə daha sistemli şəkildə həyata keçirilir, fərdiləşdirilmiş yanaşmalar üçün imkanlar genişlənir və nəticədə müəllimlərin vaxtına əhəmiyyətli dərəcədə qənaət olunur. https://youtu.be/DaSvNX-NM2k?si=rJoms1mAQE-xIwE2