“Goranboy 2026-Gənclər Paytaxtı” ilə bağlı silsilə tədbirlər keçirildi - Fotolar

goranboy-2026-gencler-paytaxti-ile-bagli-silsile-tedbirler-kecirildi
Oxunma sayı: 406

Goranboyda rayonunun 2026-cı il üçün "Gənclər Paytaxtı" seçilməsi münasibətilə Goranboy Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə RİH başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, Naxçıvan gənclər və idman naziri səlahiyyətlərini icra edən Mirməcid Seyidov, Sumqayıt şəhər İcra Hakimiyyəti başısının birinci müavini Teymur Səmədov,  Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gənclər birliyinin nümayəndəsi Emil Aslanlı, rayonun digər rəhbər şəxsləri,  rayon ictimaiyyəti, respublikanın və rayonun çoxsaylı gəncləri iştirak ediblər. 

Tədbir iştirakçıları öncə Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət ediblər, Goranboy şəhər 1 nömrəli tam orta məktəbində keçirilən açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Goranboy RİH başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov ölkəmizdə uğurla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətindən danışıblar. 

Nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovdan alaraq Goranboy RİH başçısı Məhərrəm Quliyevə təqdim edib. Daha sonra istedadlı və yaradıcı gənclər mükafatlandırılıb. Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub, Goranboyun “Gənclər Paytaxtı” loqosu və maskotu ictimaiyyətə təqdim edilib.

Goranboyda Heydər Əliyev parkında təşkil olunan “GəncFest” və konsert tədbirində gənclər düşərgələrinə baxış keçirilib, gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak ediblər. Tanınmış müğənnilər, estrada ulduzları Sevda Yahyayeva və Elçin Cəfərovun ifasında konsert proqramı, DJ performansı və sonda atəşfəşanlıq nümayiş etdirilib.