Goranboyda iki şəhid övladı olan atanın evinə yol çəkildi - Fotolar

goranboyda-iki-sehid-ovladi-olan-atanin-evine-yol-cekildi
Oxunma sayı: 935

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Xan Qərvənd kəndində iki şəhid atası Musa Ağalarovu ziyarət edib, ailənin sosial-məişət qayğıları və ehtiyacları ilə yaxından maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak ediblər.

Görüş zamanı Vətən uğrunda iki övladını fəda edən Musa Ağalarov kəndin əsas avtomobil yolundan başlayaraq onun yaşayış evinə qədər olan, təxminən 1000 metr məsafəni əhatə edən kəndiçi yolun keçilməz vəziyyətdə olduğunu bildirib, həmin yol hissəsinin asfaltlanması ilə bağlı xahişini diqqətə çatdırıb.

Şəhid atasının müraciətinə xüsusi həssaslıqla yanaşan deputat Anar Məmmədovun təşəbbüsü və dəstəyi ilə qısa müddət ərzində həmin yolda yenidənqurma və asfaltlama işləri həyata keçirilib. Bütün texniki və qanunvericilik tələblərinə riayət olunmaqla tam asfaltlanan yol sakinlərin və şəhid ailəsinin istifadəsinə verilib.

Yolun açılışı zamanı qeyd olunub ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının qayğılarının həlli, onların məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat Anar Məmmədov və İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailəsinə göstərilən diqqətin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Göstərilən diqqət və qayğıya görə şəhid atası və onun ailə üzvləri ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Musa Ağalarov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən iki qəhrəman övladın atasıdır. Onun övladlarından biri 1993-cü ildə Birinci Qarabağ müharibəsində, digər övladı isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Ziyarətin videosu ilə buradan tanış ola bilərsiniz.