Goranboyda kənd təsərrüfatı ilə bağlı layihələrə baxış keçirildi - Fotolar

goranboyda-kend-teserrufati-ile-bagli-layihelere-baxis-kecirildi
Oxunma sayı: 726

Goranboy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də rayonda yaradılmış Qərargahın üzvləri Goranboy rayonunda fəaliyyət göstərən bir sıra kənd təsərrüfatı müəssisələrində oldular.

Səfər çərçivəsində ərzaqlıq buğda və pambıq istehsalı, günəbaxan yağı istehsalı müəssisəsinin genişləndirilməsi, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilən layihələrə baxış keçirildi.

“Region Aqro” MMC tərəfindən 727 hektar sahədə 15 ədəd pivot suvarma sisteminin quraşdırılması yolu ilə 8 895 ton ərzaqlıq buğda istehsalı, yəni hər hektardan 60 sentner məhsuldarlığın əldə olunması hədəflənir. 

Digər sahibkar Əkbərzadə Fərid Vilayət oğlu tərəfindən isə 208 hektar sahədə 4 ədəd pivot suvarma sisteminin quraşdırılması yolu ilə 1 500 ton məhsul, yəni hər hektardan 50 sentner buğda əldə olunması nəzərdə tutulur. Təsərrüfatda 48 hektar ərazidə nəzərdə tutulan işlər yekunlaşdırılıb və həmin sahədə 1 ədəd pivot suvarma sistemi quraşdırılıb. Hazırda 160 hektar ərazidə müvafiq işlər davam etdirilir.
Sahibkar Məmmədov Arzu Papır oğlunun günəbaxan yağı istehsalı müəssisəsinin genişləndirilməsi layihəsi çərçivəsində istehsal gücünün illik 0,1 milyon litrdən 0,18 milyon litrə çatdırılması nəzərdə tutulur. 

“Mira” MMC tərəfindən intensiv meyvə bağlarının sahəsinin əlavə 17 hektar artırılaraq 145 hektara çatdırılması, məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1 806,08 tondan 27 680,5 tona çatdırılması hədəflənir. Layihə çərçivəsində əlavə 15 hektar torpaq sahəsinin əldə edilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin 2027-ci ilin yanvar ayında Türkiyə Respublikasından meyvə ağaclarının sifariş edilməsi planlaşdırılır.
Heyvandarlıq sahəsində də istehsalın artırılmasına yönəlmiş layihələr həyata keçirilir.


Sahibkar Kərimov Kamal Camal oğlu tərəfindən isə Avstriya Respublikasından 500 baş cins ətlik heyvanın alınaraq təsərrüfatdakı heyvanların sayının 1 080 başa çatdırılması və ət istehsalının 159,5 tondan 297 tona yüksəldilməsi hədəflənir.

Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. 

Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi qarşıdakı illərdə aqrar sahənin daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalının artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bildirdi ki, rayonun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə edilməsi, münbit torpaqlara malik əlavə əkin sahələrinin dövriyyəyə cəlb olunması, torpaqlardan düzgün və səmərəli istifadə, müasir aqrotexniki tədbirlərin tətbiqi və suvarma imkanlarının genişləndirilməsi məhsuldarlığın artırılması məqsədilə daim diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev çıxışında Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və istehsal potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.

Adil Vəliyev Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələrdən birinin nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi olduğunu diqqətə çatdıraraq bu istiqamətdə yerli icra hakimiyyəti, aidiyyəti dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğuladı.