Şikayətlərdən sonra ərazi təmizləndi - Video-Yenilənib

sikayetlerden-sonra-erazi-temizlendi
Oxunma sayı: 1413

Sabunçu rayonunun Maştağa qəsəbəsinin Sülh küçəsində antisanitar vəziyyət hökm sürür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sakinlər şikayət ünvanlayıblar.

Onlar bildirirlər ki, bəzi obyekt sahibləri və vətəndaşlar zibil konteynerlərinin boş olmasına baxmayaraq, tullantıları yerə atırlar. Hətta gecə saatlarında motosikletlə əraziyə zibil gətirib boşaldanların olduğu da iddia edilir.

Onların sözlərinə görə, ərazi vaxtaşırı təmizlənsə də, bir-iki gün sonra yenidən əvvəlki vəziyyət yaranır.

“Qoxudan rahat keçmək mümkün deyil. Bu vəziyyət müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Ərazi təmizlənir, amma qısa müddət sonra yenidən zibillənir”, – deyə sakinlərdən biri qeyd edib.

“Baxın. Görün, buranı nə hala qoyublar... Nə zaman yığılacaq bu? Nə edəcəyik? Bilinmir”, - başqa bir sakin bildirib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə yerləşdirilən tullantı tutumlarına toplanan tullantılar gündəlik daşınır:

“Buna baxmayaraq, yay mövsümündə xidmət müqaviləsindən yayınan qeyri-əhali qrupunun fəaliyyətindən və fərdi yaşayış evlərində toplanan qeyri-məişət tərkibli təhlükəsiz tullantıların qanunsuz formada daşınaraq gecə saatlarında tutumların ətrafına atılması hallarına görə kiçik qalaqlanma yaranır. Əlavə olaraq, vətəndaşlar tərəfindən tullantıların tutumlara yox, kənara atılması da xoşagəlməz görüntülərin və antisanitariyanın yaranmasına səbəb olur. Tərəfimizdən bu kimi hallar fasiləsiz olaraq gündəlik aradan qaldırılır”.

Ətraflı “Baku TV”nin videomaterialında:

***

Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonunda qeyd olunan ünvanda antisanitar vəziyyət polisin müşayəti ilə aidiyyəti dövlət qurumları tərəfindən aradan qaldırılıb.