Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Günaydın” restoranın Nərimanov filialında qiymətləndirmə aparılıb. Aparılan yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana ən yüksək göstərici sayılan “5 ulduz” sertifikatı təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, “Ulduz-reytinq” layihəsi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğun obyektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutur.
Qiymətləndirmə nəticələrinə əsasən müəssisələr 3, 4 və ya 5 ulduzla dəyərləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.
“5 ulduz” sertifikatı AQTİ əməkdaşları tərəfindən “Günaydın” restoranlar şəbəkəsinin həmtəsisçisi Cüneyt Asana təqdim olunub. O, bu sertifikatın restoran heyətinin əməyinə verilən dəyər kimi qiymətləndirib: “Bu gün Azərbaycanda olduğuma görə çox qürurluyam. 14 ildən bəri buradayıq. 3 restoranımız var, inşallah 4-cünü də yaxın zamanda - 2 ay sonra Bilgəhdə açacağıq. Bu müddət ərzində biz Azərbaycanı, Azərbaycan bizi – Günaydın restoranını yaxından tanıdıqca, biz onlar üçün hər şeyi necə daha yaxşı edə bilərik deyə çalışırıq. Hazırda gəldiyimiz nöqtə “5 ulduz” sertifikatıdır.
Yəni, bu restorana rahatlıqla gələ bilərsiz. Burada məhsulların ən gözəlini, ən doğrusunu, ən təmizi hazırlayırıq. Buna görə bizə verilən bu sertifikat “Azərbaycanıən ən yaxşı restoranıdır, rahatlıqla gedə bilərsiniz” deməkdir. Bu sertifikatı bizə layiq görən hər kəsə öz təşəkkürümüzü bildiririk. Hər şeydən əvvəl isə Azərbaycan xalqına təşəkkürümü bildirirəm. 14 ildən bəri bizi burada çox seviblər, çox dəstəkləyiblər və hər zaman arxamızda durublar. Bizim bu mükafatı almamızda ən böyük haqq Azərbaycan xalqına düşür”.
C.Asan həmçinin qeyd edib ki, “Günaydın” restoranlar şəbəkəsi 1965-ci ildən bəri fəaliyyət göstərir: “Ortaqlarımla bərabər qurmuş olduğumuz restoran bu gün dünyada 61 filial, ümumilikdə 2800 işçinin çalışdığı restoranlar şəbəkəsinə çevrilib. Hədəfimiz bundan sonra da ölkəmizin mətbəxini dünyada ən gözəl şəkildə tanıtmaqdır. Yaxın Şərqdə və Avropada 22 restoranımız var. Azərbaycanda da bu say 4 olacaq. Azərbaycana, Azərbaycan xalqına nə qədər təşəkkür etsək, azdır. “Bir müllət, iki dövlət” deyirik, bu şüar altında da işlərimizi davam edəcəyik. Bizim Azərbaycanla münasibətlərimiz sıradan - digər ölkələr kimi deyil. Buradakı əlaqələrimiz tam qardaşlıq əlaqələridir. Bir neçə il əvvəlki savaşda da Türkiyə Azərbaycanla əl-ələ olunca, bütün dünya gördü ki, bu qardaşlıq qarşısında hər kim varsa, yox ola bilir. İndi hədərimiz Turan qurmaqdır”.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Samir Mehralıyev bildirib ki, bu Bakıda sözügedən maksimum ulduz dərəcəsini əldə edən 5-ci restorandır: “Bu gün AQTİ tərəfindən ulduz reytinqi çərçivəsində həyata keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq “Günaydın” restoranına maksimum – “5 ulduz” təqdim olunub. “Ulduz-reytinq” layihəsi Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi dövlət proqramının müvafiq bəndinin icra edilməsi məqsədilə həyata keçirilir. Burada əsas məqsəd risk göstəriciləri əsasında ictimai-iaşə müəssisələrinin qiymətləndirilməsidir.
Layihə çərçivəsində indiyədək 100-ə yaxın müraciət daxil olub. Qiymətləndirmələr ardıcıllıqla aparılır. Artıq paytaxtda 5-ci restorandır ki, maksimum nəticəni əldə edib. Burada restoranın xüsusi əməyi var. Bu, həmin müəssisələrdə yüksək sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu göstərir”.
Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. İaşə obyektləri layihədə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərə bilərlər.
Əlavə məlumat almaq və ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinq sistemi ilə tanış olmaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Gülnar Əliyeva





