Gürcüstanın hakim “Gürcü arzusu” partiyası parlamentə “Yığıncaq və nümayişlər haqqında” qanuna düzəlişlər təqdim edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, təklif olunan düzəlişlər mitinqlərin keçirilməsi qaydalarının daha da sərtləşdirilməsini nəzərdə tutur.
Belə ki, düzəlişlərə əsasən, yolların bağlanmasına dair mövcud qadağaya əlavə olaraq, aksiya iştirakçılarının sayına uyğun olmadığı təqdirdə piyada zonalarının süni şəkildə bağlanmasına məhdudiyyət tətbiq ediləcək. Bundan başqa, küçələrin piyadalar üçün nəzərdə tutulmuş hissələrinin avtomobil, konstruksiya və ya digər əşyalarla bağlanması qadağan olunacaq.
Qanun layihəsi aksiya keçirilməzdən beş gün əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinə məcburi bildiriş göndərilməsini nəzərdə tutur. Nazirlik tədbirin ictimai asayiş üçün təhlükə yaratdığını və ya nəqliyyatın işinə, piyadaların hərəkətinə mane olduğunu hesab etdiyi təqdirdə, təşkilatçılara aksiyanın keçirilmə yerini dəyişməyi təklif etmək hüququna malikdir.
Əgər nümayişçilər kütləvi şəkildə yolu və ya piyada zonasını bağlayarsa, DİN iştirakçılara və təşkilatçılara hərəkəti açmaq tələbi ilə müraciət edə bilər. Əgər tələb 15 dəqiqə ərzində yerinə yetirilməzsə, tədbir qanunsuz hesab edilə bilər.
Son xəbərlər
Son Xəbərlər