“Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfəri Bakının düşmən qüvvələrindən azad edilməsinin 108-ci ildönümünə təsadüf edir və Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır.
C.Bayramov bildirib ki, Türkiyədən Azərbaycana yatırılan investisiyalar 18 milyard dollardan çox, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollar təşkil edir. Həmçinin işğaldan azad olunan ərazilərdə Türkiyə şirkətlərinin aktiv fəaliyyət göstərdiyini vurğulayan nazir ölkəmizdə ümumilikdə 4000 Türkiyə şirkətinin çalışdığını bildirib.
Türkiyənin XİN rəhbəri Hakan Fidan isə bildirib ki, ölkələrimiz arasındakı qədim dostluq sayəsində problemlərin öhdəsindən birlikdə gəlirik.
“Bu gün çox detallı müzakirələr apardıq. Azərbaycanla əlaqələrimizin ən önəmli cəhəti iqtisadi əməkdaşlıqdır. Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün qurumlarımız var gücü ilə çalışır”, - H.Fidan bildirib.
Onun sözlərinə görə, Türkiyə Qarabağın işğalı dövründə Azərbaycana öz dəstəyini daim göstərib.
O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini vurğulayıb.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər