Hamı bu filmdən danışır...

hami-bu-filmden-danisir
Oxunma sayı: 18329

Birinci Qarabağ müharibəsində (1992-ci ildə) 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun həyat hekayəsi və onun haqqında çəkilən “Oğul” sənədli filmi yenidən gündəm olub. Ekran işinin ötən il təqdim olunmasına baxmayaraq, Azərbaycan seqmentində bir neçə gündür rezonansa səbəb olub. 

“Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 

Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: “Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur”.

Maraqlıdır ki, "general" sorğu-sual zamanı düz Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərəçarpan gənc zabiti, deyəsən, tanımayıb. “Bu haqda heç bir məlumatım yoxdur”, - Balasanyan deyib. 

İstefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib.

Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi. Həmin vaxt onun cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Onda müsahibə zamanı dindirilmə fotosunda özünü tanımaq istəməməsi heç təəccüblü deyil.

Qeyd edək ki, N. Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdır. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.