Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı onlardan sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası) rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində aparılır.
Bu müayinə Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında e-növbəlillik qaydasında həyata keçirilir.
Mərkəz ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlardan istifadə edilməklə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən çağırışçıların qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.

Son xəbərlər
Son Xəbərlər