Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəməsi maraqlı anlarla yadda qalıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan işdə hazırda şahidlər ifadə verir.
Prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə bir neçə nəfərin işə düzəlməsi üçün ümumilikdə 4 min 800 manat rüşvət almaqda ittiham edir. Bu əsasla ona qarşı sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulan külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Amma məhkəmə prosesində ittihamda yazılanlardan tam fərqli mənzərə var. Çünki iş üçün əhəmiyyət daşıyan şahidlər heç biri İlham Haqverdiyevin adını çəkmirlər. Əksinə, şahidlər təqsirləndirilən şəxsin lehinə danışır, işə düzəlmək üçün pulu rəis Haqverdiyevə deyil, onun müavini kapitan Muraz Həsənova verdiklərini deyirlər.
İfadə verən şahidlər hələ də istirahət evində işləyir, indi rəisləri də elə Muraz Həsənovdur.

Bu gün dindirilənlərdən biri sözügedən istirahət evində xadimə işləyən Yeganə Həsənovadır. Şahid deyir ki, işə düzəlməsinə qardaşı kömək edib, bunun üçün də Muraz Həsənova 1000 manat rüşvət verib. Amma o, pulun İlham Haqverdiyevə çatıb-çatmadığını bilmir: “İlham Haqverdiyevə pul şəxsən pul verməmişik. Qardaşımın dediyinə görə, işi Muraz Həsənov təşkil edib. Başqa heç nə deyə bilmərəm, yadımdan çıxıb hər şey”.
Şahidin məhkəmədə dedikləri ilə prokurorluqdakı ifadəsi arasındakı ziddiyyətli məqam isə verilən rüşvətin İlham Haqverdiyevə çatdırılacağını deməsi ilə bağlıdır.
Hakim Yeganədən məhz bu hissəyə aydınlıq gətirməsini istəyib. Amma şahid “kağızda nə yazıbsa, odur”, “oğlum əsgərdir, onu düşünürəm” kimi yayındırıcı cavablar verib. Məhkəmə yalan ifadə verməyə görə məsuliyyət nəzərdə tutulduğunu elan etsə də, şahiddən dolğun cavab almaq mümkün olmayıb.
Prosesin davamında eyni yerdə arxa təminat xidmətinin müdiri Seyran Əhmədov və onun işə düzəltdiyi bacısı oğlu Etibar Xanəliyev hakim qarşısında sorğu-sual ediliblər. Etibar dayısının təklifi ilə istirahət evinin yanğın mühafizə xidmətinə mülki müfəttiş vəzifəsinə düzəlib. Bunun qarşılığında isə 2500 manat rüşvət verib.
.jpg)
Məhkəmə tərkibini maraqlandıran əsas məsələ həmin pulun kimə çatmasıdır. Şahidlərin ikisindən də məhz bu soruşulub. Əvvəlki şahid kimi dayı və bacıoğlu da əminliklə pulu rəis müavini Muraz Həsənova verdiklərini deyiblər.
Prokurorun bir neçə dəfə ayrı-ayrı yönlərdən suallar verməsinə baxmayaraq, şahidlər ifadələrini dəyişməyiblər. Şahidlər əlavə olaraq deyib ki, İlham Haqverdiyev işə qəbullardan sonra keçirdiyi iclaslarda heç kimə rüşvət verilməməsini, kimsə pul istəyəcəyi halda məlumatlandırılmasını tapşırdığını bildiriblər.
Təqsirləndirilən şəxs özü də bu tapşırığı verdiyini təkrarlayıb, şahidlərdən nəyə görə Muraz Həsənova pul verdiklərini soruşub.
Prokuror yekunda “Bəs nəyə görə istintaq vaxtı demisiniz ki, Muraz Həsənov pulu Haqverdiyevə çatdıracaq?” - deyə soruşub. Şahid dayı bunun səbəbini əvvəki ifadəsində anlaşılmazlıq olması ilə əlaqələndirib, bacısı oğlu isə ümumiyyətlə, elə söz dediyini xatırlamayıb. Şahidlər indi dediklərinin doğru olduğunu və təsdiq edilməsini xahiş ediblər.
Məlumat üçün deyək ki, bundan əvvəlki iclasda Muraz Həsənov özü ifadə verib. O, aldığı pulları İlham Haqverdiyevə çatdırdığını bildirib. Həmin iclasda Həsənov kapitan rütbəsində qatılmışdı. Bu gün isə o, mayor rütbəsi ilə görünüb.
Digər şahidlərin iştirakını təmin etmək məqsədilə proses martın 10-na qədər təxirə salınıb.
Qeyd edək ki, mayor İ.Haqverdiyev 5 ay əvvəl həbs edilib. Hazırda istirahət evinin rəisi vəzifəsini mayor M. Həsənov icra edir. Haqverdiyev geniş ifadə verməsə də, özünü təqsirli bilmir.
Sail Ağasəlim