Həmin məsələ artıq rəsmi şəkildə araşdırmaya götürülüb - Açıqlama

hemin-mesele-artiq-resmi-sekilde-arasdirmaya-goturulub
Oxunma sayı: 1852

Xəbər verdiyimiz kimi, Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bridən Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) şikayət edib.

Məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, 27 fevral 2026-cı il tarixində keçirilmiş İrlandiya – Azərbaycan Avropa çempionatı 2029 ilkin təsnifat oyunu zamanı televiziya yayımında əks olunan görüntülər bu məsələ ilə bağlı rəsmi şəkildə FIBA-ya müraciət etməyə vadar edib.

“Həmin oyunda, 3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış, İrlandiya komandasının götürdüyü taymaut zamanı İrlandiya millisinin baş məşqçisi cənab Maykl Bri televiziya görüntülərində açıq şəkildə ölkəmizin adını çəkərək təhqiredici ifadələr işlətmiş və oyunçularını motivasiya etmək məqsədilə Azərbaycan haqqında alçaldıcı fikirlər səsləndirmişdir. Biz bu cür kiçildici və təhqiramiz davranışı qətiyyətlə pisləyirik. Bu, milli komandalar səviyyəsində keçirilən yarış üçün tamamilə qəbuledilməzdir və basketbolun arenalarda təmsil etməli olduğu dəyərlərə yaraşmır. Belə bəyanatlar təkcə ölkəmizə qarşı hörmətsizlik deyil, eyni zamanda FIBA tərəfindən qorunan fair-play, dürüstlük və qarşılıqlı hörmət kimi fundamental prinsiplərə də ziddir. Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən bildirilib ki, İrlandiya millisinin baş məşqçisinin səsləndirdiyi uyğun olmayan ifadələrlə bağlı məsələ artıq rəsmi şəkildə araşdırmaya götürülüb. İntizam işi kimi qiymətləndirilə biləcək bu insidentlə bağlı FIBA hazırda hakimlərdən və digər rəsmi şəxslərdən əlavə məlumat toplayır. Göndərilən məktub və həmin vaxt taymaut zamanı səsləndirilən fikirləri əks etdirən video material FIBA Europe-un tək hakiminə və digər aidiyyəti qurumlara baxılması və hüquqi qiymət verilməsi üçün təqdim olunub”, - deyə o əlavə edib.