Hər 5 gəncdən biri onunla “dərdləşir”

her-5-gencden-biri-onunla-derdlesir
Oxunma sayı: 509

Yeniyetmələr və gənc yetkinlər arasında psixoloji dəstək məqsədilə süni intellekt çatbotlarından istifadə sürətlə artır.

“Qafqazinfo” xəbər verir ki, RAND tədqiqat təşkilatı tərəfindən aparılan və “JAMA Pediatrics” jurnalında dərc olunan araşdırmaya əsasən, hər beş gəncdən biri kədərli, əsəbi, gərgin və ya stressli olduqda süni intellekt çatbotlarından məsləhət alır.

Araşdırmada qeyd olunur ki, 2025-ci ilin əvvəlində keçirilən oxşar sorğuda gənclərin 13 faizi psixoloji dəstək üçün çatbotlardan istifadə etdiyini bildirmişdisə, ilin sonuna doğru bu göstərici 19 faizə yüksəlib.

Tədqiqatın aparıcı müəllifi, RAND təşkilatının baş siyasət araşdırmaçısı Rayan MakBeyn bildirib ki, nəticələr narahatedici mənzərə ortaya qoyur: “Gənclərin özlərini təhlükəsiz hiss etdikləri və rahat şəkildə ünsiyyət qura bildikləri insan münasibətlərinə sahib olmalarını gözləyərdik”.

12-21 yaş arası iştirakçıların cəlb olunduğu araşdırma göstərib ki, respondentlərin böyük hissəsi süni intellektdən aldıqları məsləhətləri faydalı hesab edir. İştirakçıların 63 faizi isə bu məqsədlə çatbotlardan istifadə etdiklərini heç kimə demədiklərini bildirib.

Psixoloji yardım xidmətlərinə çıxışın məhdudluğu və ya peşəkar mütəxəssislərin çatışmazlığı gəncləri alternativ olaraq süni intellektə yönəldir.

Psixi sağlamlıq üzrə ekspertlər xəbərdarlıq edirlər ki, çatbotlar istifadəçiləri təsdiqləməyə meyilli olduqları üçün bəzi hallarda yanlış düşüncələri gücləndirə və ya sayıqlamaları dərinləşdirə bilərlər. Bu fenomen artıq bəzi mütəxəssislər tərəfindən “süni intellekt psixozu” kimi xarakterizə olunur.

Kaliforniya Universitetinin Kavli Etika, Elm və Cəmiyyət İnstitutunun həmsədri, psixiatr Codi Halpern bildirib ki, yeniyetməlik və erkən gənclik dövrü insanların real münasibətlər qurduğu ən vacib mərhələlərdən biridir.

Onun sözlərinə görə, süni intellekt sistemləri insan münasibətlərini təqlid etməməlidir: “Çatbotların insan kimi davrandığını, istifadəçiyə dəyər verdiyini və ya hisslər keçirdiyini iddia etməsini istəməzdim”.

Süni intellekt platformalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən bir sıra şirkətlər məhkəmə iddiaları ilə üzləşir.

Kaliforniyada bir ailə “ChatGPT”nin oğullarının intiharına səbəb olduğunu iddia edərək, məhkəməyə müraciət edib. Florida ştatının baş prokuroru Ceyms Utmeyer isə “OpenAI” və şirkətin rəhbəri Sem Altmana qarşı iddia qaldıracağını açıqlayıb. İddiada platformanın asılılıq, idrak zəifləməsi və intihar riskini artıra biləcəyi vurğulanır.

“OpenAI” isə böhran vəziyyətlərini aşkarlayan sistemlər, valideyn nəzarəti funksiyaları və digər təhlükəsizlik mexanizmləri hazırladığını bildirib.

Artan narahatlıqlar fonunda bəzi ABŞ ştatları süni intellektin psixoloji dəstək məqsədilə istifadəsini tənzimləməyə başlayıb.

Kaliforniya və Nyu-York ştatları çatbotların intihar və ya özünə zərərvermə fikirlərini təşviq etməsinin qarşısını almağa yönəlmiş qanunlar qəbul ediblər. Bu qaydalar istifadəçilərin zərurət yarandıqda təcili yardım və dəstək xidmətlərinə yönləndirilməsini nəzərdə tutur.

İllinoys ştatı isə daha sərt addım ataraq süni intellektin terapevtik məqsədlərlə istifadəsini qadağan edən qanunu təsdiqləyib.