Hərəkətdə olan maşından yola yük düşdü, təhlükəli vəziyyət yarandı - Video

hereketde-olan-masindan-yola-yuk-dusdu-tehlukeli-veziyyet-yarandi
Oxunma sayı: 1518

Hərəkətdə olan yük avtomobilindən yolun ortasına düşən yük təhlükəli vəziyyət yaradıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

NİİM yük avtomobillərinin sürücülərinə müraciət edərək yük daşıyarkən möcvud qaydalara əməl etmələrini xatırladıb.

“Paytaxtın mərkəzi yolunda qeydə alınan bu hadisə qaydalara əməl etməməyin nə qədər təhlükəli nəticələrə səbəb olacağının sadəcə bir nümunəsidir. Yük avtomobillərinin sürücüləri bilməlidir ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.

“Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir. Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir”, - məlumatda vurğulanıb.

Həmin hadisənin görüntülərini təqdim edirik: