Bu gün Böyük Britaniyanın keçmiş kraliçası II Yelizavetanın anadan olmasının 100 illiyi tamam olur.
“Qafqazinfo” xəbər verir ki, o, taxtda 70 il və 214 gün qalmaqla Britaniya tarixinin ən uzunmüddətli monarxı olub.
Yelizaveta Aleksandra Mariya Vindzor 1926-cı ildə gələcək kral VI Georqun ailəsində Londonda anadan olub. Doğulduğu zaman o, taxt-tac varisliyi xəttində üçüncü şəxs hesab olunsa da, əmisi kral VIII Eduardın 1936-ci ildə taxtdan imtina etməsindən sonra atası kral VI Georq, Yelizaveta isə onun birinci varisi elan olunmuşdu.
1945-ci ildə, hələ İkinci Dünya müharibəsi başa çatmamış, o, bir neçə ay ərzində hərbi bölmədə sürücü və mexanik kimi xidmət edib.
.jpg)
1947-ci ilin noyabrında vəliəhd bütün titullarından imtina etmiş keçmiş Yunanıstan və Danimarka şahzadəsi Filip Mauntbetten ilə ailə həyatı qurub. Cütlüyün bu nikahdan 4 övladı dünyaya gəlib: şahzadələr Çarlz (hazırki Böyük Britaniya kralı III Çarlz), Endryu, Edvard və şahzadə Anna. Şahzadə Filip 9 aprel 2021-ci ildə 100 yaşında vəfat edib. Onların nikahı 73 ildən çox davam edərək dünya tarixində monarx şəxslər arasında ən uzunömürlü evlilik olub.

II Yelizaveta 6 fevral 1952-ci ildə, atasının ölümündən sonra 25 yaşında taxta çıxmışdı. Tarixdə ilk dəfə olaraq, bu mərasim kraliçanın öz istəyi ilə televiziya vasitəsilə yayımlanmışdı.

Onun hakimiyyəti dövrünə Britaniya İmperiyasının dağılmasının başa çatması və Millətlər Birliyinin formalaşması, Afrikadakı müstəmləkələrdən imtina, “Soyuq müharibə”, kosmosun fəthi, Şimali İrlandiyada münaqişə, Folklend müharibəsində qələbə, Böyük Britaniyanın İraq və Əfqanıstandakı müharibələrdə iştirakı, Birləşmiş Krallığın Avropa İttifaqına daxil olması və ondan çıxması, həmçinin koronavirus epidemiyası təsadüf edib. Onun hakimiyyəti dövründə Böyük Britaniyada 15 baş nazir dəyişib.
Kraliçanın hakimiyyəti dövrü ailədaxili qalmaqallarsız da ötüşməyib. Çarlzın həyat yoldaşı Şahzadə Diana ilə münasibətləri və sonradan Ledi Dinin avtomobil qəzasında faciəli ölümü, kraliçanın nəvəsi Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsi haqqında mətbuatda çıxışları, kraliçanın sevimli oğlu hesab olunan Endryunun qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri kral ailəsi haqqında münasibətlərə təsir göstərsə də, bütün bunlar II Yelezavetanın nüfuzuna xələl gətirmədi.

II Yelizaveta 8 sentyabr 2022-ci ildə Şotlandiyada Balmoral qəsrində 96 yaşında vəfat edib.














Son xəbərlər
Son Xəbərlər