Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı fəaliyyətə başladı - Fotolar

heyder-eliyev-adina-muasir-tehsil-kompleksinin-xankendi-filiali-fealiyyete-basladi
Oxunma sayı: 268

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı fəaliyyətə başladı 15 sentyabr - Bilik Günündə Xankəndi şəhərinin təhsil həyatında əlamətdar hadisə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, 25 illik təhsil ənənəsinə malik Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialı fəaliyyətə başlayaraq yeni tədris ilində ilk şagirdlərini qəbul edib.

Xankəndi şəhərində fəaliyyətə başlayan ilk özəl məktəb olan bu filialın açılışı şəhərdə müasir və beynəlxalq standartlara əsaslanan təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 25 illik təhsil təcrübəsinin Xankəndidə yeni mərhələsi Yeni filialın fəaliyyətə başlaması Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yaradılmasının 25-ci ildönümünə təsadüf edir.

Dörddəbir əsrlik təhsil təcrübəsinin Xankəndidə davam etdirilməsi Kompleksin tarixində yeni mərhələnin başlanğıcıdır. Hazırda məktəbdə məktəbəqədər və ibtidai bölmələr fəaliyyət göstərir, bu bölmələrdə 45 şagird təhsil alır.

Kembric kurikulumu və ikidilli təhsil imkanı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialında tədris Kembric kurikulumu əsasında təşkil olunur. Təhsil modelinin əsas istiqamətlərindən birini şagirdlər üçün yaradılan ikidilli təhsil imkanı təşkil edir. Bu yanaşma şagirdlərin akademik biliklərlə yanaşı, dil, tənqidi düşünmə, ünsiyyət və digər müasir bacarıqlarını inkişaf etdirməyə, onları həm yerli, həm də beynəlxalq təhsil mühitinə hazırlamağa xidmət edir.

Açılış mərasimi rəsmi qonaqların iştirakı ilə keçirilib Filialın açılış mərasimi Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Baş İcraçı Direktoru Tural Abbasovun çıxışı ilə başlayıb. Tural Abbasov Xankəndidə yeni filialın fəaliyyətə başlamasının Kompleks üçün böyük qürur olmaqla yanaşı, mühüm məsuliyyət daşıdığını vurğulayıb.

Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Elnur Əliyev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Əməkdar müəllim, Amonaşvili Hümanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov iştirak ediblər.

Rəsmi qonaqlar çıxışlarında Kompleksin kollektivini bu əlamətdar hadisə münasibətilə təbrik edib, Qarabağda müasir və keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıblar.

Açılış mərasiminin bədii hissəsində Qarabağın mədəni irsini və mənəvi ruhunu əks etdirən “Xarıbülbül” rəqsi təqdim olunub. Kompleksin müəllim və şagird heyətinin ifasında nümayiş etdirilən rəqs xoreoqraf Turan Abdullayevanın quruluşunda hazırlanıb. Tədbir daha sonra musiqili çıxışlarla davam edib. Qarabağ Universitetinin əməkdaşları- xanəndə Səbinə Ərəbli və tarzən Arslan Növrəsli öz ifaları ilə mərasimin bədii proqramında yer alıblar.

Tədbirin sonunda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xankəndi filialının direktoru Atabəy Quliyev çıxış edərək məktəbin gələcək hədəf və perspektivlərindən danışıb. Ardınca ilk zəng elan olunub və bununla da Xankəndi filialında ilk tədris ilinə rəsmi start verilib. Açılış mərasiminin davamında Kompleksin rəhbər heyətinin iştirakı ilə filialın ərazisində ağacəkmə mərasimi keçirilib. Kompleksin 25 illik təhsil ənənəsinin Xankəndidə davamını simvolizə edən ağacın əkilməsi yeni filialın gələcəyə yönəlmiş fəaliyyətinin rəmzi ifadəsi olub. Daha sonra rəsmi lentkəsmə mərasimi baş tutub və qonaqlar məktəb binası ilə tanış olublar.

Ekskursiya zamanı filialda yaradılmış tədris mühiti, sinif otaqları və şagirdlər üçün nəzərdə tutulan imkanlar qonaqlara təqdim edilib. Xankəndinin gələcəyinə təhsil töhfəsi Xankəndidə yeni məktəbin fəaliyyətə başlaması şəhərdə aparılan bərpa və inkişaf prosesləri fonunda sosial-humanitar infrastrukturun, xüsusilə də müasir təhsil mühitinin formalaşdırılması istiqamətində görülən işlərin davamıdır. Şəhərdə təhsil imkanlarının genişlənməsi Xankəndinin yenidən canlanan ictimai həyatının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, burada yaşayan ailələrin keyfiyyətli təhsilə çıxışının artırılmasına və yeni nəslin müasir bilik və bacarıqlarla yetişməsinə xidmət edir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 25 illik yubileyində Xankəndi filialının fəaliyyətə başlaması isə 25 illik təhsil ənənəsinin yeni bir ünvanda davam etdirilməsi və Qarabağın gələcəyinə təhsil vasitəsilə verilən töhfənin ifadəsidir.