Amerikanın “Honeywell” korporasiyası ilə tərəfdaşlıq əsasında Ağdam Sənaye Parkında Azərbaycanın ilk müasir sayğac zavodunun qurulmasına başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, layihəni “Honeywell Smart Energy” məhsullarının ölkə üzrə rəsmi nümayəndəsi statusunu almış yerli “A-Z Smart Meters” şirkəti həyata keçirir.
Mənbələrin bildirdiyinə görə, layihə iki mərhələdə reallaşacaq. Birinci mərhələdə “Honeywell” texnologiyası əsasında məişət qaz sayğaclarının istehsalına başlanılacaq — bu, 2027-ci ilin əvvəlinə planlaşdırılır. İkinci mərhələdə müəssisədə su və elektrik sayğaclarının da istehsalı qurulacaq və bu istiqamətlər üzrə orta illik istehsal həcminin qaz sayğacları ilə müqayisə edilə bilən səviyyədə olması nəzərdə tutulur. Beləliklə, zavod tam gücə çıxdıqdan sonra burada ildə ümumilikdə 1 milyondan çox müxtəlif təyinatlı sayğac istehsal olunacaq.
Qeyd edək ki, son dövrdə bir sıra xarici istehsalçılar Azərbaycan bazarına daxil olmağa cəhd göstərir. Lakin ekspertlərin fikrincə, sayğac kimi 10-15 il xidmət müddəti olan dəqiq ölçmə cihazlarında yeni və yerli şəraitdə sınaqdan çıxmamış brendlərə etibar etmək müəyyən risklər daşıyır. “Honeywell” isə artıq uzun illərdir Azərbaycan bazarındadır — ölkəyə indiyədək yüz minlərlə “Honeywell” sayğacı tədarük olunub, onlar yerli iqlim və şəbəkə şəraitində etibarlılığını sübut edib və dövlət qurumları qarşısında ən yaxşı reputasiyaya malikdir. Yerli istehsalın məhz bu texnologiya əsasında qurulması təsadüfi seçim deyil.
Yerli istehsal tam gücə çıxanadək bazarın tələbatı “Honeywell”in Almaniya və Türkiyədəki zavodlarından tədarük hesabına ödəniləcək. Bildirilir ki, “Honeywell”in istehsal gücləri — xüsusilə Türkiyədəki müəssisəsi — Azərbaycanın illik tələbatını artıqlaması ilə qarşılamağa imkan verir.
Zavodun texniki bazası Avropa və Türkiyədən gətirilən avadanlıq əsasında qurulur, istehsalın qurulmasına isə avropalı və türkiyəli mütəxəssislər cəlb olunub. Birinci mərhələdə müəssisənin illik gücünün 500 min ədəddən çox olacağı gözlənilir. Layihəyə iki mərhələ üzrə ümumilikdə 17 milyon avro investisiya qoyulması nəzərdə tutulur.
Bu, işğaldan azad edilmiş ərazilərdə qurulan ilk dəqiq cihazqayırma müəssisələrindən biri olacaq.



Son xəbərlər
Son Xəbərlər