Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Hadisədən sonra hökumət fövqəladə vəziyyət elan edib, paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, ilk zəlzələ Yaracuy ştatının San Felipe şəhəri yaxınlığında qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, təxminən 40 saniyə sonra 7,5 bal gücündə ikinci və daha güclü yeraltı təkan baş verib. Ardınca bölgədə 20-dən çox təkan qeydə alınıb.
Ölkənin müvəqqəti Prezident Delsi Rodriges televiziya vasitəsilə xalqa müraciət edərək ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
O bildirib ki, metro və qatarların fəaliyyəti dayandırılıb, məktəblərdə dərslər ləğv edilib və fövqəladə hallara nəzarət üçün xüsusi qərargah yaradılıb.
Daxili işlər naziri Diosdado Kabello zəlzələlərin Karakas, Miranda, Araqua, Karabobo, La Quayra və digər bölgələrdə güclü hiss olunduğunu bildirib. Onun sözlərinə görə, paytaxtda bəzi binalar uçub, bir sıra tikililər ciddi zərər görüb.
Ən ağır vəziyyətin Karakasın San Bernardino rayonunda yaşandığı qeyd olunur. Burada çoxmərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Yerli hakimiyyət orqanları indiyədək 18 nəfərin sağ çıxarıldığını açıqlayıb.
Zəlzələ ölkənin əsas hava qapısı olan Mayketiya Beynəlxalq Hava Limanına da ciddi ziyan vurub. Terminalın tavanının bir hissəsinin çökməsindən sonra bütün uçuşlar dayandırılıb və hava limanı müvəqqəti bağlanıb.
Şəhərdə elektrik enerjisi və yanacaq təminatında da problemlər yaranıb. Küçələrə axışan minlərlə sakin gecəni açıq havada keçirməyə məcbur olub.
Hakimiyyət orqanları ölən və yaralananların sayı ilə bağlı hələlik yekun məlumat açıqlamayıb. Xilasetmə və axtarış əməliyyatları davam edir, sakinlərə isə təkrar təkanlar təhlükəsi səbəbindən zədələnmiş binalardan uzaq durmaq tövsiyə olunub.
Son xəbərlər
Son Xəbərlər