“İkinci əl” avtomobillərin satışında - Yeni qayda

ikinci-el-avtomobillerin-satisinda
Oxunma sayı: 122

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, “Tullantılar haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə Azərbaycanda “ikinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.

Qanun layihəsinə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilərlərdə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.

Sənəddə qeyd edilib ki, rəsmi diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan “ikinci əl” avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.

Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətina vergi yükünün düşməsinə səbəb olur.

Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır, ikinci əl avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan “ikinci əl” avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.