İlham Əliyev Antonio Koşta ilə görüşdü - Fotolar

ilham-eliyev-antonio-kosta-ile-gorusdu
Oxunma sayı: 242

Prezident İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, ölkəmizə səfərini xatırlayıb.

O, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.

Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini xatırladı və qeyd etdi ki, bu, əlaqələrimizin inkişafına yaxşı imkanlar açır.

Prezident İlham Əliyev ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və enerji təhlükəsizliyində oynadığı rola toxunaraq vurğuladı ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir.

Ölkəmizlə Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi baxımından uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulanıb.

Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib.

Orta Dəhlizin əhəmiyyəti qeyd edildi, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.