“ABŞ Prezidenti Donald Trampın administrasiyası Kuba hakimiyyətini devirmək üçün bu ölkənin hökumətində ona dəstək ola biləcək şəxslərin axtarışına başlayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, məqsəd 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmaqdır.
Mənbələrin sözlərinə görə, ABŞ administrasiyası Kuba iqtisadiyyatının çöküş astanasında olduğunu hesab edir. Amerikalı rəsmilərin fikrincə, ada dövlətinin hökuməti Venesuela Prezidenti Nikolas Maduronun timsalında son dərəcə vacib himayədarını itirdikdən sonra heç vaxt indiki qədər zəif olmayıb.
Bildirilir ki, ABŞ-nin Kubada hakimiyyəti devirmək üçün konkret planı olmasa da, Maduronun ələ keçirilməsini nümunə və xəbərdarlıq kimi nəzərdən keçirir.
Xatırladaq ki, ABŞ qüvvələrinin 2026-cı il yanvarın 3-də həyata keçirdiyi əməliyyat nəticəsində Nikolas Maduro və xanımı Siliya Flores ələ keçirilərək Nyu-Yorka aparılıblar. Daha əvvəl Donald Tramp Kuba hakimiyyətini hədələyən açıqlamalar vermişdi.
Son xəbərlər
Son Xəbərlər