İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

ilk-ders-gununde-canli-yayim-acib-elektron-siqaret-cekdiler
Oxunma sayı: 10812

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.

Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.

Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda yerləşən 264 saylı məktəb-liseydə baş verib.

Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) sorğumuza cavab olaraq bildirilib ki, 264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır.

“Qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib.

Şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib”, - BŞTİ-dən bildirilib.

İdarədən həmçinin qeyd edilib ki, məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

***

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, məsələ ilə bağlı məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıb, şagirdlərlə polis əməkdaşları profilaktik söhbətlər aparıblar: “Onlara bu kimi halların yolverilməz olduğu izah edilib və gələcəkdə təkrarlandığı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub”.