Sentyabrın 4-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, İmişli rayonunun Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, məktəb direktorları, məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız uğrunda misilsiz qəhrəmanlıqlar göstərərək şəhid olmuş xalqımızın igid oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşü giriş sözü ilə açan icra başçısı tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməyi tövsiyə edib. O, ümummilli lider Heydər Əliyevin təhsilə və gənclərin inkişafına həmişə misilsiz qayğı göstərdiyini xatırladıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İcra başçısı həmçinin qeyd edib ki, ölkəmizdə həyata keçirilən təhsil islahatları və strateji qərarlar müasir çağırışlara uyğun güclü insan kapitalının formalaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclası süni intellektin bu günün əsas inkişaf amili olduğunu bir daha təsdiqləyib. O bildirib ki, qarşıda duran əsas məqsəd təkcə texnologiyadan istifadə edən deyil, həm də onun yaratdığı imkanları düzgün, məsuliyyətli və kibertəhlükəsizlik qaydalarını nəzərə almaqla insanın inkişafına yönəldən bilikli və yaradıcı nəsil yetişdirməkdir.
Çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər. Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin RİH başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.











Son xəbərlər
Son Xəbərlər