İmişlidə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - Video

imislide-zefer-gunune-hesr-olunmus-silsile-tedbirler-kecirilib
Oxunma sayı: 368

8 Noyabr – Zəfər Günü münasibətilə İmişli rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası, rəsm sərgisi və konsert proqramı təşkil olunub.

Qafqazinfo” xəbər verir ki, tədbirlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İmişli şəhərinin Zəfər prospektində keçirilən ağacəkmə aksiyası çərçivəsində 500-ə yaxın müxtəlif növ ağac əkilib, yeni tinglər suvarılıb və mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib. Aksiyanın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəsil arasında təbliğ etmək, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək olub.

Daha sonra Heydər Əliyev adına istirahət parkında məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Silsilə tədbirlər çərçivəsində keçirilən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan icra başçısı iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün Azərbaycan xalqının milli qürurunun və birliyinin təcəssümü olduğunu bildirib. O, tarixi qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə edildiyini, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və dövlət suverenliyimizin tam bərpasının müasir tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Həmçinin şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, qazilərin və şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Çıxış edən millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid Cavid Səfərlinin anası Xatirə Səfərova və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Mənsur Cahangirov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyini və Azərbaycan Ordusunun qəhrəmanlığını xüsusi vurğulayıblar. Çıxışlarda Zəfər Gününün xalqımızın milli qürurunun, dövlətimizin gücünün və birliyinin təcəssümü olduğu qeyd edilib.

Bayram tədbiri İmişli Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səsləndirilən musiqi nömrələri xalqımızın qələbə sevincini və şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramı ifadə edib.