“İmza mərasimi şənbə və ya bazar ertəsi ola bilər”

imza-merasimi-senbe-ve-ya-bazar-ertesi-ola-biler
Oxunma sayı: 479

“İmza mərasimi şənbə və ya bazar ertəsi keçirilə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp bildirib ki, İranla əldə olunan razılaşma artıq yekun mərhələyə çatıb və imza mərasimi yaxın vaxtlarda Avropada keçirilə bilər.

“İranla bağlı çox yaxşı razılığa gəlmişik. Bu, yaxın bir neçə gün ərzində tamamlanmalıdır. Yəqin ki, Avropada imza mərasimi keçirəcəyik. Bu, çox böyük hadisədir”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, sazişin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Tramp qeyd edib ki, Tehran nüvə silahı hazırlamamaq və əldə etməmək barədə öhdəlik götürüb.

“İranın heç vaxt nüvə silahına malik olmayacağı ilə bağlı razılığımız var. Bütün bu prosesin əsas məqsədi də məhz bu idi”, – deyə o bildirib.

ABŞ lideri əlavə edib ki, sənədlər, demək olar ki, tam hazırdır və yekun razılaşmanın imzalanması üçün son prosedurlar həyata keçirilir.

Tramp proses çərçivəsində İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Pakistan və Türkiyə də daxil olmaqla, bir sıra ölkələrin rəhbərləri ilə danışıqlar apardığını deyib.

ABŞ Prezidenti sazişin qüvvəyə minməsindən sonra Hörmüz boğazında vəziyyətin normallaşacağını da bildirib.

“Boğazlar müqavilə imzalanan kimi açılacaq. İmza mərasimi şənbə və ya bazar ertəsi günü ola bilər. Düşünürük ki, bu, olduqca tez baş verəcək”, – deyə Tramp vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, razılaşma enerji bazarlarına da müsbət təsir göstərəcək. Onun fikrincə, Yaxın Şərqdə gərginliyin azalması neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.

“Neft qiymətlərinin qaya kimi aşağı düşdüyünü görəcəksiniz”, – deyə ABŞ Prezidenti bildirib.

İranın son günlər ağır itkilər verdiyini deyən Tramp hesab edir ki, məhz bu vəziyyət Tehranın danışıqlara daha ciddi yanaşmasına səbəb olub. O bildirib ki, razılaşma həm ABŞ, həm region ölkələri, həm də İran üçün faydalı olacaq.

“Bu, ABŞ və Yaxın Şərq üçün əla razılaşmadır. Düşünürəm ki, İran üçün də yaxşı olacaq, çünki onlar öz ölkələrini yenidən qurmaq imkanı əldə edəcəklər”, – deyə Tramp əlavə edib.

ABŞ Prezidenti bildirib ki, razılaşmanın baş tutacağına inanır və tərəflərin onu imzalamaqda maraqlı olduğunu düşünür.

“Hər kəs bunun baş verməsini istəyir və buna görə də baş verəcək”, – deyə Tramp qeyd edib.