İngiltərə millisinə oyundan əvvəl belə mane oldular - Video

ingiltere-millisine-oyundan-evvel-bele-mane-oldular
Oxunma sayı: 757

Dünya Çempionatının 1/8 finalında keçiriləcək Meksika-İngiltərə qarşılaşması ərəfəsində Meksika azarkeşləri İngiltərə millisinin qaldığı hotelin qarşısında gecə saatlarında səs-küylü aksiya təşkil ediblər.

“Qafqazinfo” xəbər verir ki, yüzlərlə azarkeş gecə saat 02:00 radələrində hotelin qarşısına toplaşaraq, barabanlar çalmaqla yanaşı, fişənglər atıb, yüksək səslə mahnılar oxuyub və şüarlar səsləndirib.

Məqsədin İngiltərə futbolçularının yuxusunu pozaraq, onlara psixoloji təzyiq göstərmək olduğu bildirilir.

Hadisə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında baş versə də, hotelin qarşısında uzun müddət davam edən səs-küy sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuçel komandasının təkcə azarkeş təzyiqi ilə deyil, həm də Mexiko şəhərinin yüksək dağlıq şəraiti ilə mübarizə apardığını bildirib.

Tuçel hoteldə yüngül baş ağrısı və yuxu problemləri yaşadığını qeyd edərək, futbolçuların da yüksək hündürlüyə uyğunlaşmağa çalışdıqlarını deyib. Onun sözlərinə görə, komanda matçın ilk 15-20 dəqiqəsini ən çətin mərhələ hesab edir və bu hissəni problemsiz keçmək oyunun taleyi baxımından həlledici ola bilər.

İngiltərə millisi turnirin 1/8 finalında ev sahibi Meksika ilə Mexiko şəhərindəki məşhur “Azteka” stadionunda üz-üzə gələcək. Dəniz səviyyəsindən 2240 metr yüksəklikdə yerləşən arena və Meksikanın burada nümayiş etdirdiyi uğurlu statistika ingilislər üçün əlavə çətinlik yaradır.

Qeyd edək ki, Meksika millisi 1966-cı ildən bəri “Azteka” stadionunda keçirdiyi 89 rəsmi oyunun 70-də qalib gəlib, cəmi iki dəfə məğlub olub.