İnstagramda bu səhifələr açıq-aşkar narkotik satır

instagramda-bu-sehifeler-aciq-askar-narkotik-satir
Oxunma sayı: 5086

Azərbaycanda son aylarda əhali arasında “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması ictimaiyyətdə narahatlıq yaradıb. Hətta bir neçə şəxs buna polisin şərait yaratdığını və narkotik satışına göz yumduğunu iddia edirdi. Dünən bununla bağlı saytımızda yazı dərc olundu və  Daxili İşlər Nazirliyi reaksiya verərək iddiaları təkzib etdi.

“Qafqazinfo” xəbər verir ki, artıq məsələ daha da çox ictimailəşdikdən sonra vətəndaşlar sosial şəbəkələr vasitəsilə “patı”nın satışını təşkil edən hesabları ifşa etməyə başlayıb. İnsanlar hüquq-mühafizə orqanlarının hesablarını "tag" edərək bu məsələ ilə bağlı ciddi və sərt tədbirlər görülməsini istəyirlər. Çağırışlarda bildirilir ki, gənc nəsil bu bəlaya daha çox düçar olur və narkotikin yaratdığı psixoloji düşkünlükdən sonra intihara meyillilik artır. İddia olunur ki, son zamanlar daha çox diqqət çəkən gənc və yeniyetmələrin intiharları arxasında bu cür nakotik satışını edən şəbəkələr dayanır.

Məlumata görə, narkotik şəbəkəyə rəhbərlik edən şəxslər maddələri daha çox sosial şəbəkə üzərindən satmağa üstünlük verirlər. Belə olan halda onların izinə düşmək də çətin olur. Artıq təkcə Instagram sosial şəbəkəsində yüzlərlə “patı” adına uyğun səhifələr açılıb. Belə ki, satıcılar internet üzərindən insanların hesabları ilə ünsiyyət quraraq onlara ödənişsiz “patı” təklif edirlər. Daha sonra həmin şəxsləri özlərindən asılı vəziyyətə salaraq “kuryer”ə çevirirlər.

Daxili İşlər Nazirliyi də bununla bağlı çağırış edərək bildirmişdi ki, təkcə 2021-ci ildə 178 kiloqram “patı” adlanan metamfetaminin ölkə ərazisində satışının qarşısı alınıb: “Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, blogerlərin, yutuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur”.

İndi isə vətəndaşların aşkar etdiyi və narkotik satışını təşkil edən sosial şəbəkə hesablarını kimlərin idarə etdiyini, yazışmalar vasitəsilə “kuryer”lərin aşkar edilməsi və digər əməliyyat tədbirlərinin həyata keçirilməsi hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Qeyd edək ki, bəzi hallarda həmin hesabların xaricdə yaşayan şəxslər tərəfindən idarə edilməsi məsələni çətinləşdirir.

Murad Əhməd