İranda hökumətə qarşı etirazlar bir sıra şəhər və əyalətlərdə davam edir.
“Qafqazinfo” “Azad İran”a istinadən xəbər verir ki, İlam əyalətinin Dərreşəhr şəhərində etirazçılar küçələrə çıxaraq ölkənin ali rəhbəri Ayətullah Əli Xameneiyə aid bannerləri yararsız hala salıblar.
Etirazların digər bölgələrə də yayıldığı bildirilir. Fuladşəhr və Lordeqan şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib.
Məlumata görə, hadisələr zamanı bir neçə etirazçı güllə yarası alaraq həyatını itirib. Ölənlərdən ən azı üç nəfərin kimliyi müəyyən edilib.
15 nəfərin saxlanıldığı bildirilib.
Fars əyalətinin Kəvar şəhərində polis qüvvələrinin etirazçılara qarşı silahdan istifadə etdiyi iddia olunur. İlam əyalətinin Dehloran şəhərində isə sakinlər hökumət əleyhinə şüarlarla etiraz yürüşü keçiriblər.
Kuhdəşt şəhərində etirazçıların küçələrdə barrikadalar qurduğu qeyd edilir. Eyni zamanda, Məşhəd, Həmədan, Qum şəhərlərində və Kərəcin Qohərdəşt bölgəsində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilir.
Həmədan şəhərində baş verən hadisələr zamanı “Bəsic” qüvvələrindən bir üzvün öldürüldüyü barədə məlumat yayılıb.
Son xəbərlər
Son Xəbərlər