İranda həmin KİV-ə müsahibə verən şəxslər həbs edilə bilər

iranda-hemin-kiv-e-musahibe-veren-sexsler-hebs-edile-biler
Oxunma sayı: 392

İran Parlamenti ölkə hakimiyyətinin düşmən hesab etdiyi media və təşkilatlarla əlaqə saxlanılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin ümumi müddəalarını təsdiqləyib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, İranın “düşmən media” hesab etdiyi KİV-ə müsahibə və açıqlama verən şəxslərin isə 6 aydan 2 ilə qədər həbs edilməsi təklif olunur. 

Bununla belə, İran parlamentinin məhkəmə-hüquq komissiyasının üzvü Osman Salari bildirib ki, sənədin ayrı-ayrı müddəaları hələ müzakirə edilməyib və təsdiq olunmayıb, buna görə də, açıqlanan detalları yekun qəbul etmək olmaz.

Qanun layihəsinə əsasən, digər xarici KİV-lə əlaqə qurmaq üçün Kəşfiyyat Nazirliyinə bu barədə məlumat verildikdən sonra icazə verilə bilər. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin yazılı icazəsi olmadan xarici səfirliklər və təşkilatlarla əlaqə yaratmaq cərimə və sosial hüquqların məhdudlaşdırılması ilə nəticələnə bilər. 

Layihə mərhələli şəkildə nəzərdən keçirildikdən sonra baxılması üçün Məsləhət Şurasına təqdim ediləcək. Sənəd Məsləhət Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minə bilər.

Xatırladaq ki, bir müddət əvvəl İranın Kəşfiyyat Nazirliyi bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib və həmin qurumlarla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələyib.