İranla müharibə ABŞ-nin silah ehtiyatlarını tükəndirib və hazırda Birləşmiş Ştatların sərəncamında 1,7 mindən az “Patriot” zenit-raket kompleksi qalıb.
“Qafqazinfo” “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı iki anonim mənbə verib.
Nəşrin məlumatına görə, Vaşinqtonun Tehranla qarşıdurma zamanı istifadə etdiyi 1,5 mindən çox raketin yerini doldurmaq üçün iki ildən artıq vaxt lazım gələ bilər:
“ABŞ-nin hələ də daha az təkmilləşdirilmiş sursatlardan ibarət böyük arsenalı var, bura təyyarələrdən atılan 100 mindən çox idarə olunan bomba daxildir. Lakin bu silahların əsas problemi onların hədəfə yaxın məsafədən atılmasının tələb olunmasıdır ki, bu da qırıcıların vurulma riskini artırır.
Ehtiyatların azalması uzaqgedən nəticələrə malikdir. Asiyada bəzi amerikalı rəsmilər Cənubi Koreya və Yaponiyanın Birləşmiş Ştatların onları qeyri-nüvə müdafiəsi ilə qorumaq qabiliyyətinə şübhə ilə yanaşacağından və öz nüvə silahlarını yaratmağa daha meylli olacaqlarından ehtiyat edirlər”.
Məlumata əsasən, ABŞ-nin Avropadakı müttəfiqləri artıq digər ölkələrdən silah alışını artırmaq imkanlarını nəzərdən keçirirlər. Rəsmi şəxslərin fikrincə, Rusiya və Çin mövcud vəziyyəti və ABŞ ehtiyatlarının bərpası üçün vaxt tələb olunduğunu yaxşı anlayırlar. Bu baxımdan, onlar Vaşinqton və Tehran arasında münaqişənin uzanmasında maraqlıdırlar.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti ölkədə sursat qıtlığı ilə bağlı şayiələri təkzib etmiş və bu məlumatın sızdırılmasında təqsirkar olanların cəzalandırılacağını vəd etmişdi. Həmçinin bir qədər əvvəl Birləşmiş Ştatlar Ukraynaya əlavə “Patriot” raketlərinin verilməsindən imtina etmişdi.
Son xəbərlər
Son Xəbərlər