İrəvanda parlament binası önündə 86 nəfər saxlanıldı - Video - Yenilənib

irevanda-parlament-binasi-onunde-86-nefer-saxlanildi
Oxunma sayı: 4644

Bu gün “Vətən naminə Tavuş” müxalif hərəkatı yerli vaxtla 15:00-da Ermənistan parlamentinin binası önündə aksiya keçirəcək. Həmin saatda parlamentdə hökumətin iclası keçiriləcək.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bununla əlaqədar Ermənistan polisi parlament binasının önünə tikanlı məftillər və xüsusi texnika gətirməyə başlayıb. Eyni zamanda ərazidə polis qüvvələrinin sayı artırılıb. 

Ölkənin Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına və təşkilatçılara müraciət edərək ictimai asayişi pozacaq fəaliyyətlərdən çəkinməyə çağırıb. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırda parlament binasında olduğu və 2023-cü il büdcəsinin icrasının müzakirəsində iştirak etdiyi bildirilir.

***

İrəvanda polis aksiya iştirakçılarını saxlamağa başlayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda 42 etirazçı saxlanılıb. 

***

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 86 nəfər saxlanılıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, toqquşmalarda 6 polis əməkdaşı yaralanaraq İrəvandakı tibb müəssisələrinə aparılıb.

Qeyd olunur ki, 30 nəfər tibb mərkəzlərinə müraciət edib və onlara lazımi köməklik göstərilir.