İsmayıllıda maşınla motosiklet toqquşdu - Ölənlər var - Video - Yenilənib

ismayillida-masinla-motosiklet-toqqusdu
Oxunma sayı: 3263

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, “Opel” markalı avtomobillə motosikletin toqquşması nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də, motosikletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Qəza zamanı motosikletin sürücüsü, 23 yaşlı Nihad Allahverənov və “Opel” markalı avtomobilin sürücüsü, 38 yaşlı İsa Rzayev həyatını itirib.

Hadisə zamanı dünyasını dəyişən digər şəxs isə “Opel”də olan sərnişindir, onun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində araşdırma aparılır.

***

Baş Dövlət Yol Polisi İdarəsi qəzadan sonra motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edib:

“Bu gün saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində paytaxt sakini Nihad Allahverənovun idarə etdiyi motosikletlə Qəbələ rayon sakini İsa Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də İsa Rzayevin avtomobilində olan qadın sərnişin hadisə yerində həyatlarını itiriblər. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!”

Mübariz Muradov